16 May 2024,
...

Xocalı soyqırımı qurbanlarının xatirəsi Haçadağ zirvəsində anılıb

23-25 fevral tarixlərində Türkiyə Dağçılıq Federasiyasının İqdırdakı Nümayəndəliyi və İqdır Dağçılıq Axtarış-Xilasetmə İdman Kulubunun bir qrup nümayəndəsi Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşlar.

“Xocalı Qətliamının Anma Dırmanışı” adlı səfərin ilk günü qonaqlar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət etmiş və muzeylə tanış olmuşlar. Daha sonra Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün büstünü ziyarət edərək ehtiramlarını bildirmişlər.

Səfərin ikinci günü Naxçıvan Muxtar Respublikası Turizm Departamenti, Gənclər və İdman Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilati dəstəyi və yaxından iştirakı ilə Haçadağa zirvə yürüşü təşkil edilib. Çətin relyefdə iştirakçıların təhlükəsizliyinin təmin edilməsi və mövcud risklərin idarə olunması məqsədilə aidiyyəti dövlət qurumlarının da əməkdaşları aksiyaya cəlb edilmişlər.

İştirakçılar tərəfindən 2 415 metr yüksəklikdə – Haçadağın zirvəsində Xocalı faciəsi qurbanları və 44 günlük Vətən müharibəsinin şəhidləri yad edilib, hər iki ölkənin Dövlət Himni ifa olunaraq Azərbaycan-Türkiyə qardaşlığı və Xocalı soyqırımına aid şüarlar səsləndirilmişdir. Müvəffəqiyyətlə başa çatan yürüşdən sonra tədbir iştirakçılarına təşəkkürnamələr təqdim olunmuşdur.

Növbəti gün isə qonaqlar Ordubad şəhərində və daha sonra Əlincəqala tarixi abidəsində olmuşlar. Günün sonunda dağçılar Türkiyə Respublikasına yola düşmüşlər.