17 May 2024,

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 23 aprel 2018-ci il tarixli 242-05/S nömrəli “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən yaradılmışdır.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti haqqında Əsasnaməyə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti muxtar respublikada turizm sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

 

Departament öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və öz Əsasnaməsini rəhbər tutur. Eyni zamanda vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Naxçıvan Muxtar Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, muxtar respublikada qeydiyyatdan keçmiş qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

Departament həmçinin Azərbaycan Respublikasının müvafiq sahədə tərəfdar çıxdığı beynəlxalq müqavilələrin muxtar respublikada həyata keçirilməsini təmin etmək, turizm infrastrukturunun və sənayesinin, turizm zonaları və turizm xidməti sahələrinin yaradılmasına investisiya cəlb olunması üçün müvafiq tədbirlər görmək, gəlmə və daxili turizmin inkişafını təmin etmək,   Naxçıvan Muxtar Respublikasının beynəlxalq səviyyədə turizm mərkəzinə çevrilməsi məqsədi ilə müvafiq təşviqat işini aparmaq, Naxçıvan Muxtar Respublikasının turizm brendini formalaşdırmaq və təşviq etmək, turizm xidmətlərinin təkmilləşdirilməsini təmin etmək, turizm sahəsində mövcud vəziyyətin, gələcək inkişaf istiqamətlərinin, həmçinin perspektivlərinin müəyyən edilməsi üçün araşdırmalar aparmaq, turizm sahəsində mövcud vəziyyətin və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə imkan verən məlumatları toplamaq, həmin məlumatlardan istifadəni və onların qanuna uyğun olaraq mühafizəsini təşkil etmək, turizmdə mövsümilik probleminin aradan qaldırılması üçün müvafiq tədbirlər görmək və bu istiqamətdə zəruri xidmət infrastrukturunun təkmilləşdirilməsi barədə təkliflər vermək, sağlamlıq, idman, dağ və qış turizmi, mədəni, ekstremal, işgüzar, ekoloji turizm, çimərlik və digər turizm növlərinin inkişafını təmin etmək, aidiyyəti təşkilatlarla birlikdə turizm-istirahət zonalarının inkişaf istiqamətlərini və xarici turistlər üçün turizm mar­şrutlarını müəyyən etmək, Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarının turizm potensialından tam faydalanmaq üçün müvafiq təbliğat-təşviqat tədbirləri görmək, turizm xidmətlərinin keyfiyyətini artırmaq məqsədi ilə peşəkar kadrların hazır­lanmasında iştirak etmək, turizm sahəsində standartlaşdırma və sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsində iştirak etmək, turizm sahəsində sahibkarlığın inkişafına dair tədbirlər görmək, muxtar respublika ərazisində təşkil olunan beynəlxalq elmi, mədəni, idman və digər tədbirlərdə muxtar respublikanın turizm potensialını təbliğ və təşviq etmək, bu istiqamətdə fəaliyyətini aidiyyəti qurumlarla koordinasiya etmək kimi prioritet sahələr üzrə öz fəaliyyətini təşkil edir.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 24 aprel 2018-ci il tarixli 247-05/S nömrəli Sərəncamına əsasən Əkbər Nadir oğlu Novruzov Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru təyin edilib.