28 Aprel 2025, 10:44
...

Wego səyahət platformasında Ağbulaq İstirahət Mərkəzi haqqında məlumat yerləşdirilib

Naxçıvan Muxtar Respublikası ölkəmizin unikal və təbii gözəlliklərlə zəngin bölgələrindən biridir. Təbii mənzərələri, qədim tarixi, mədəniyyəti, flora və faunası Naxçıvana bütün fəsillərdə füsunkarlıq bəxş edir. Xüsusən də qış aylarında qarla örtülmüş dağlar, təbii gözəlliklər və qış fəaliyyətləri regionun cəlbediciliyini artırır. Beləliklə yay aylarında qonaqlı-qaralı olan Naxçıvan qış turizmi üçün də ideal gəzinti məkanlarındandır.

 

Muxtar respublikada turizmin inkişafı üzrə həyata keçirilən davamlı və məqsədyönlü tədbirlər həm yay, həm də qış turizminin inkişaf etdirilməsinə imkan yaradıb. Reallaşan ardıcıl plan və layihələrin nəticəsi olaraq bu gün qədim diyarımızda qış turizm bazasının yaradılması turizm sahəsində mövsüm qavramını aradan götürüb, il boyu davamlı turizmin təmin olunmasına şərait yaradıb. Bu isə həm yerli əhalinin rifahının yüksəlməsinə, həm də muxtar respublikanın iqtisadi potensialının daha səmərəli şəkildə istifadəsinə töhfə verir. Qış turizmi Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında əhəmiyyətli rol oynayaraq, onun beynəlxalq turizm mərkəzi kimi nüfuzunun möhkəmlənməsinə töhfə verir. 

 

Şübhəsiz ki, qış turizm növlərinin inkişaf etdirilməsi üçün təbii-iqlim şəraiti həlledici amil rolunu oynayır. Bu baxımdan, davamlı qar örtüyünün mövcudluğu qış turizminin, xüsusilə də dağ-xizək idmanının təşkilində mühüm şərt sayılır. Naxçıvan Muxtar Respublikasının dağlıq ərazilərindəki əlverişli iqlim şəraiti və davamlı qar örtüyü burada qış turizminin inkişafı üçün geniş imkanlar yaradır. Bu regionda qış idman növlərinin inkişafı üçün lazımi şəraitin mövcudluğu qış fəslində yerli və xarici turistlərin cəlb edilməsinə səbəb olur.

 

Zəngin və çoxəsrlik tarixi ilə seçilən, bəşəriyyətin ilkin mədəniyyət və sivilizasiya mərkəzlərindən biri hesab olunan, Azərbaycan xalqının milli irsinin beşiyi, eyni zamanda Şərq və Qərb arasında körpü rolunu oynayan ulu diyarımız Naxçıvan haqqında yerli və xarici ölkə platformalarında, kütləvi informasiya vasitələrində tez-tez yazılı və video formatında materiallar yayımlanır.

 

Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin 2024-cü il üzrə Fəaliyyət Planına əsasən Naxçıvan Muxtar Respublikasının onlayn marketinq kanalları vasitəsilə təqdimatının gücləndirilməsi, muxtar respublika haqqında materialların yerli və xarici KİV-də təqdim olunacaq promo materialların məzmununa inteqrasiya edilməsi üçün Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin və Azərbaycan Turizm Bürosunun birgə əməkdaşlığı ilə Naxçıvanın qış turizmi potensialının təbliğ olunması məqsədilə Wego səyahət platformasında Ağbulaq İstirahət mərkəzi haqqında məlumat yerləşdirilib.

“Winter Delights in Azerbaijan: Your Thrilling Adventures Await” başlığı altında yayımlanan məqalədə Ağbulaq İstirahət Mərkəzi də xüsusi olaraq vurğulanıb. Məqalədə deyilir: Azərbaycanın qış istirahət mərkəzləri arasında möhtəşəm məkanlardan biri də Naxçıvan şəhərindən 50 km aralıda, Şahbuz rayonunun Ağbulaq kəndində yerləşən Ağbulaq İstirahət Mərkəzidir. Xizək mərkəzi ilə məşhur olan kurort hər il yüzlərlə turisti cəlb edir. Xizək zonasının ümumi uzunluğu 1500 metrdir və burada xizək enişi, kanat yolu, xizək təlimi zonası, əyləncə və uşaq parkları var. Bildirilib ki, mərkəzdə həmçinin 76 nəfərlik 38 otaqlı hotel, restoran və kafe yerləşir.

 

Qeyd edək ki, “Wego” şirkətinin əsası 2005-ci ildə Sinqapurda qoyulub. Səyahət üzrə metaaxtarış mühərriki rolunu oynayan şirkət Asiya-Sakit okean regionu, Yaxın Şərq və Hindistan üzrə fəaliyyət göstərərək istifadəçiləri mövcud uçuş və hotel qiymətlərini müqayisə edə biləcəkləri platforma ilə təmin edir.

 

Bildirək ki, Ağbulaq kəndi Naxçıvan Muxtar Respublikasında yerləşən, təbii gözəllikləri, sağlam iqlimi və zəngin turizm potensialı ilə tanınan bir yaşayış məntəqəsidir. Bu kənd muxtar respublikanın Şahbuz rayonu ərazisində, dəniz səviyyəsindən təxminən 2000 metr yüksəklikdə yerləşir. Ağbulaq, təbii və coğrafi üstünlükləri ilə həm yerli, həm də xarici turistlər üçün böyük maraq doğuran bir məkandır. Təmiz hava, bol oksigen və yayda sərin, qışda isə qarlı hava şəraiti bu kəndi turizm üçün ideal məkana çevirir. Kəndin ərazisindəki meşələr, otlaqlar və çaylar buranı ekoturizm və fotoqrafiya həvəskarları üçün cəlbedici edir.

 

Turizm sahəsində təbliğatın əhəmiyyəti dövrümüzün danılmaz reallığıdır. Əlbəttə ki, effektiv təbliğat turizm potensialının daha geniş kütlələrə tanıdılmasını təmin edərək bu sahədə davamlı inkişafa yol açır. Son illərdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin sözügedən istiqamətdə əldə etdiyi uğurlar təbliğat strategiyasının düzgün qurulduğundan xəbər verir.

 

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti gələcək fəaliyyət planında da yüksək  keyfiyyətli təbliğat kampaniyalarının həyata keçirilməsini hədəfləyir.