27 Iyul 2024,
...

“Ulu Öndər Heydər Əliyevin izi ilə” adlı turizm marşrutunun təqdimatı keçirilib

        Dekabrın 25-də Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin, Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin zəngin irsinə dair “Ulu Öndər Heydər Əliyevin izi ilə” turizm marşrutunun təqdimatı üçün Naxçıvan Muxtar Respublikasına iki günlük mediatur təşkil olunub.

    Turun birinci günündə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin, Azərbaycan Turizm Bürosunun, media nümayəndələrinin, turizm sənayesi nümayəndələrinin, eləcə də Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin əməkdaşları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra mediatur iştirakçılarının Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşü keçirilib. Daha sonra qonaqlar Heydər Əliyev Muzeyinə gələrək dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

        Sonra Naxçıvan Dövlət Milli Dram Teatrında turun təqdimat mərasimi keçirilmişdir. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Pənah Mehdiyev Ümummilli Lider Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti və muxtar respublikanın inkişafı istiqamətində gördüyü işlərdən bəhs edib. Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə “Heydər Əliyevin izi ilə” turunun turizm məhsullarının şaxələndirilməsində töhfəsini diqqətə çatdırıb. Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na əsasən turizmin prioritet sahələrdən biri olduğunu qeyd edib. Bu turun turizmin inkişafına öz töhfəsini verəcəyini və Ümummilli Lider Heydər Əliyev irsini dərindən öyrənmək istəyənlər üçün mühüm mənbə olacağını bildirib. Təqdimatda turun Ulu Öndərin Naxçıvanda qorunmasına xüsusi diqqət ayırdığı tarix və mədəniyyət abidələrini, həyat və fəaliyyəti ilə əlaqəli məkanları əhatə etməsi haqqında məlumat verilib.

      Açılış tədbirindən sonra həmin gün media və sənaye nümayəndələri üçün Ümummilli Liderin təşəbbüsü ilə 1982-ci ildə nəşi Sibirdən gətirilərək doğma Vətənində dəfn edilən və qəbri üzərində xatirə abidəsinin ucaldıldığı böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin məqbərəsinə, hazırda Bəhruz Kəngərli Muzeyi kimi fəaliyyət göstərən Heydər Əliyevin 1938-1939-cu illərdə təhsil aldığı Pedaqoji Texnikumun binasına, hazırda Naxçıvan Turizm İnformasiya Mərkəzi kimi fəaliyyət göstərən, tarixən Zaviyə-mədrəsə binası kimi tanınan, Ümummilli Liderin 1930-cu illərdə şahmat, musiqi və dram dərnəklərinin üzvü olduğu Naxçıvan Şəhər Pionerlər Evinin binasına, Əcəmi seyrangahında ucaldılan Ulu Öndər Heydər Əliyevin büstü ziyarət edilmiş, o cümlədən “Xan Sarayı” Dövlət-Tarix Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə tanışlıq turu təşkil edilib.

        “Ulu Öndər Heydər Əliyevin izi ilə” Naxçıvan turunun ikinci günündə qonaqlar əvvəlcə Ulu Öndər Heydər Əliyevin tapşırığı və himayəsi ilə 1998-ci ildə abadlıq və yenidənqurma işlərinin aparıldığı “Əshabi-Kəhf” Dini-Mədəni Abidə Kompleksini ziyarət ediblər. Daha sonra mediatur iştirakçıları Ümummilli Liderin təşəbbüsü ilə 1977-ci ildə “qoruq şəhər” elan edilmiş Ordubad şəhərinə səfər ediblər. İştirakçılar Qeysəriyyə binası, Ordubad Cümə məscidi və turun son məntəqəsi olan Sərşəhər meydanı ilə tanış olduqdan sonra mediatur başa çatmışdır.