28 Aprel 2025, 03:34
...

Türkiyənin turizm şirkətlərinin rəhbərləri və nümayəndələri Naxçıvanda 2 günlük səfərdə olublar

Türkiyənin turizm şirkətlərinin rəhbərləri və nümayəndələri üçün Azərbaycanla tanışlıq səfəri təşkil olunub. 6 gün üçün nəzərdə tutulmuş səfərin ilk 4 günü paytaxt Bakıda keçib. Səfərin 2 günü isə Naxçıvan Muxtar Respublikasına ayrılıb.

 

Türkiyənin turizm şirkətlərinin rəhbərləri və nümayəndələri 2 gün ərzində muxtar respublikada olublar. Azərbaycan Turizm Bürosunun təşkilatçılığı və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin dəstəyi ilə qonaqlar Naxçıvan şəhərinin turistik məkanları, Möminə Xatun türbəsi, Nuh Peyğəmbərin məzarüstü türbəsi, Xan Sarayı, “Naxçıvanqala” tarix-memarlıq kompleksi, Kazım Qarabəkir Paşa məscidi və Duzdağ Fizioterapiya Mərkəzini ziyarət ediblər.


​Qonaqlar səfərlə bağlı təəssüratlarını ifadə edərkən burada ilk dəfə olduqlarını və şəhərin qədim memarlıq üslubunu, abidələrini, eyni zamanda burada mövcud olan infrastruktur, təmizlik və sakitliyi çox bəyəndiklərini bildiriblər.

​“Joytur 61” şirkətinin direktoru Ufuk Dereli qeyd edib ki, Azərbaycan və Türkiyə mədəniyyəti bir-birinə yaxın mədəniyyətlərdir. Naxçıvanda olduğu müddətdə buranın milli mətbəx nümunələrini və qədim tarixi abidələrini çox bəyəndiyini, ilk dəfə gəldiyi Naxçıvandan xoş duyğularla ayrılacağını deyən qonaq, tezliklə Naxçıvana türkiyəli turistlərin səfərinin təşkili üçün çalışacağını vurğulayıb.

 

​“Thor events” şirkətinin nümayəndəsi Erman Karayiğit də Naxçıvanın turizm potensialının yüksək olduğunu bildirib. Vurğulayıb ki, səyahətsevərlər mütləq gəlməli və buradakı gözəllikləri öz gözləri ilə görməlidir. Bu məqsədlə dövlətin və səyahət agentliklərinin birgə fəaliyyətinin səmərəli olacağına inamını ifadə edib.


​Xatırladaq ki, səfərin əsas məqsədi turizm sahəsində ölkələrarası ikitərəfli əlaqələrin yaranması və əməkdaşlığın təşviq edilməsi olub.



Sonda Naxçıvan Muxtar Respublikasının tarixi, mədəniyyəti, turizmi, iqtisadiyyatı və digər xüsusiyyətləri haqqında dolğun məlumatların əks olunduğu broşürlər qonaqlara hədiyyə edilib.