Türkiyənin iş adamları ilə görüş keçirilib
“Naxçıvan Saray”da Türkiyə Respublikasının iş adamlarının Naxçıvan Muxtar Respublikasına işgüzar səfəri çərçivəsində muxtar respublikanın iqtisadiyyat, kənd təsərrüfatı, turizm sahələri ilə tanışlıq, eyni zamanda türk sahibkarlarla əlaqələrin gücləndirilməsi məqsədilə görüş keçirilib.
Görüşdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev qonaqları salamlayaraq bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan olub. Bu əlamətdar ildə keçirilən silsilə tədbirlər sırasında Türkiyədən olan iş adamları ilə görüşün təşkili Naxçıvan üçün olduqca əhəmiyyətlidir. Tarixi ənənələrə sadiq qalan Azərbaycan və Türkiyə arasında bu gün həyatın bütün sahələrində o cümlədən, iqtisadiyyat, turizm, aqrar istiqamətlərdə mehriban dostluq, qardaşlıq prinsiplərinə əsaslanan əlaqələr inkişaf edir. Türkiyəli iş adamlarının Naxçıvana 3 günlük səfəri çərçivəsində muxtar respublikanın bütün potensialı ilə yaxından tanış olmaları sözsüz ki, yeni investisiyaların yatırılması baxımından təkan rolunu oynayacaq.
Sonra çıxış edən Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini icra edən Xəyalə Dadaşova çıxışında muxtar respublikada kənd təsərrüfatı sahəsində qarşıya qoyulan hədəflərdən, reallaşdırılacaq layihələrdən, qazanılan uğurlardan söhbət açıb. Qeyd edib ki, Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə illər öncə neft sektoru ilə paralel, qeyri-neft sektoru, o cümlədən kənd təsərrüfatı, iqtisadiyyat, turizm sahələri də inkişaf etdirildi. Ölkə başçısının siyasi iradəsi ilə Zəngəzur Dəhlizi açıldıqdan sonra Naxçıvan Muxtar Respublikasının bu sahədə potensialı artacaq, türkiyəli iş adamları ilə əlaqələr daha da güclənəcək. Xəyalə Dadaşova çıxışının sonunda türkiyəli sahibkarları Naxçıvanda iş qurmağa, biznes sahələri yaratmağa dəvət edib.
Türkiyə Respublikası iş adamlarının heyət rəhbəri Ercan Dəmirçi işgüzar görüşə, yüksək qonaqpərvərliyə görə təşəkkür edərək bildirib ki, Azərbaycanla Türkiyə tarix boyu bir-birinin yanında olub, hər iki ölkə arasında bütün sahələri əhatə edən əlaqələr qardaşlıq, dostluq münasibətlərinə əsaslanıb. Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipləri üzərində inkişaf edən Azərbaycanla-Türkiyə əlaqələri bu gün dünyada qürurverici nümunə gücündədir. Türkiyəli iş adamlarının muxtar respublikaya səfəri Naxçıvanın iqtisadi imkanlarından səmərəli istifadə, ayrı-ayrı sahələr üzrə investisiya cəlbi baxımından olduqca önəmli rol oynayacaq.
Görüşdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin direktoru Əkbər Novruzov muxtar respublikanın turizm imkanları barədə məlumat vermiş, bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası onu mühüm turizm məkanına çevirə biləcək kifayət qədər resurslara malikdir. Regionun çayları, gölləri, meşələri, göz oxşayan yaylaları, tarixi abidələri və digər təbii sərvətləri turizmin inkişafı üçün böyük fürsətlər yaradır. Bu geniş təbii sərvətlərə əlavə olaraq, Naxçıvan Muxtar Respublikası zəngin və çoxşaxəli mədəni irsə və təbii gözəllik sahələrinə malikdir.
Vurğulanmışdır ki, turizm Azərbaycan iqtisadiyyatının əlavə dəyər yaratma imkanı yüksək olan sahələrindən biri olaraq qiymətləndirilir. Həmçinin, turizm sektorunun cari vəziyyəti və ölkəmizin tuzim siyasəti haqqında məlumat vermiş, hökumətin qeyri-neft sektorunun inkişafı siyasətində turizmin prioritet sahələr sırasına daxil edilməsi və bir sıra tədbirlərin görülməsini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Əkbər Novruzov qeyd etmişdir ki, ortaq sahibkarlıq layihələrini həyata keçirilməsi, turizmdən gələn gəlirlərin artırılması, özəl investisiyaların cəlb edilməsi, hər iki ölkənin bu sahədə maraqlarının qorunması və qarşılıqlı əməkdaşlıq gələcəkdə bu sahənin dinamik inkişafına şərait yaradacaq.
Nəqliyyat və kommunikasiya, hotellər, motellər, qida və içki biznesi kimi digər sektorlarla əməkdaşlıq çərçivəsində turizm destinasiyaları inkişaf etdiriləcək. Türk iş adamlarının nəzərinə çatdırılmışdır ki, son dövrlərdə turizm sahəsində xarici sərmayə qoyuluşları üçün muxtar respublikada daha əlverişli şərait yaradılmışdır.
Sonra Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov hər iki ölkənin iş adamlarının faydalı əməkdaşlıq münasibətlərindən söhbət açıb.
Sonda Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin şöbə müdiri Elnur Mahmudov, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Ləman Əlizadə, Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin sektor müdiri Süleyman Rüstəmov müvafiq olaraq slaytlarla muxtar respublikanın iqtisadiyyatı, kənd təsərrüfatı, turizm potensialı haqqında təqdimatlar edib, ətraflı məlumatlar veriblər.