08 Sentyabr 2024,
...

“Turizmin inkişafında bələdiyyələrin qarşısında duran vəzifələr” mövzusunda tədbir keçirilmişdir

19 iyul 2024-cü il tarixdə Ordubad rayonunun Anaqut kəndində “Xan Çinar”  istirahət mərkəzində  Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin birgə təşkilatçılığı ilə  “Turizmin inkişafında bələdiyyələrin qarşısında duran vəzifələr” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə bələdiyyə üzvləri və kənd sakinləri iştirak etmişdir.

 

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə  iş  mərkəzinin rəisi Xəyal Eyvazov bildirmişdir ki, ölkəmizdə turizmin inkişafında bələdiyyələr də maraqlı olmalıdırlar. Belə ki, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”  Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsi, eləcə də “Yerli vergilər (bələdiyyə) və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsində yerli ödənişlərin tərkibi kimi, bələdiyyə ərazisində mehmanxana, sanatoriya, kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişlər də nəzərdə tutulur. Həmin ödənişlər bələdiyyə büdcəsinin gəlir mənbələrindən biridir. Bələdiyyələr bir sıra yerli xidmətlər göstərmək səlahiyyətinə malikdirlər və onların keyfiyyətini yaxşılaşdırmaqla həm də  turizmin inkişafı üçün şərait yaratmış olurlar. Bu isə gələn turistlərin sayına müsbət təsir göstərir. Turistlərin sayının çox olması isə sanatoriya-kurort, mehmanxana və turizm xidməti göstərən şəxslərdən daxil olan vəsaitlərin artmasına, bu da öz növbəsində bələdiyyə büdcəsinin dayanıqlılığının təmin olunmasına gətirib çıxarır. Bu baxımdan bələdiyyələr həm turizmin inkişafında maraqlı, həm də bu inkişafa yerli səviyyədə şərait yarada biləcək qurumlardan biridir.

 

Məruzəçi bildirmişdir ki, yerlərdə turizm infrastrukturunun yaradılması və investisiyanın cəlb edilməsi baxımından təşviqatın aparılması da olduqca vacibdir. Qeyd olunmuşdur ki, muxtar respublikanın turizm potensialını təşviq etmək məqsədilə yerli özünüidarəetmə orqanlarının təşəbbüsü ilə müxtəlif görüşlər təşkil edilə bilər. Xüsusilə özəl sektor nümayəndələrinin belə görüşlərə dəvət olunması arzuolunandır.

 

Vurğulanmışdır ki, kənd yerlərində çoxsaylı ailə fermer təsərrüfatları vardır ki, onların istehsal etdiyi kiçik həcmli kənd təsərrüfatı məhsullarını bazarlara çıxarmağa imkanları məhduddur. Yerli özünüidarəetmə orqanları öz xidmətlərini göstərməklə, kiçik tədarük məntəqəsi yaradıb əhalidən məhsulu toplayaraq müvafiq müştərilərə çatdıra bilərlər. Artıq qalan məhsulu isə bələdiyyə hüquqi şəxs təsis etməklə öz ərazisində kiçik bazar yaradaraq sata bilər.

 

Sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Turizmin inkişafı və təbliği sektorunun baş məsləhətçisi  Elşən Mehralıyev bidirmişdir ki, turizm sektoru bir çox ölkələrin iqtisadi inkişafında əsas amil olmaqla yanaşı, sosial və mədəni sahələrdə də mühüm təsirə malikdir. Turizm sektoru ölkələrin iqtisadiyyatına yalnız gəlir gətirməklə kifayətlənmir, həmçinin yerli əhali ilə gələn qonaqlar arasında mədəni informasiya mübadiləsi yaradır, yerli infrastrukturun inkişafını stimullaşdırır. Son illərin statistik göstəricilərinə görə turizm Azərbaycanda inkişaf edən sektorlar sırasındadır. Turizm müasir dünyada iqtisadi və sosial inkişafın mühüm təkanverici qüvvələrindən biridir. Bu sahənin uğurlu inkişaf etdirilməsində mərkəzi icra hakimiyyəti orqanları ilə yanaşı, bələdiyyələrin də rolu böyükdür. Belə ki, infrastrukturu əhatə edən layihələrin reallaşdırılması, yerli əhalinin adət-ənənələrinin öyrənilməsi, və s. bu kimi vacib məsələlərin həlli bölgəyə çox yaxşı bələd olan bələdiyyə orqanlarının payına düşür.

 

Bələdiyyələr bir sıra yerli xidmətlər göstərmək səlahiyyətinə malikdirlər. Bu, bələdiyyə ərazisinin tullantılardan təmizlənməsi, yaşıllaşdırılması, parkların salınması və s. bu kimi fəaliyyətləri əhatə edir. Bələdiyyələr bu cür yerli xidmətlərin keyfiyyətini yaxşılaşdırmaqla həm də turizmin inkişafı üçün şərait yaratmış olurlar. Bu isə öz növbəsində yerli əhalinin həyat səviyyəsini  yaxşılaşdırmaqla bərabər həm də turizmin inkişafı üçün şərait yaratmış olur və gələn turistlərin sayına öz müsbət təsirini göstərir. Turistlərin sayının çox olması isə regionda yerləşmə müəssisələrinə, ictimai-iaşə xidməti göstərən obyektlərə və digər xidmət obyektlərinə olan təlabatı artırır. Bu da yeni iş yerlərinin yaranmasına işsizliyin kəskin sürətdə azalmasına və məşğulluğun artmasına səbəb olur.

 

Vurğulanmışdır ki, turizm sahəsinin tənzimlənməsində və idarə olunmasında digər icra və yerli idarəetmə orqanları ilə yanaşı bələdiyyələr də səlahiyyətləri  daxilində qanunvericiliyə uyğun qərarlar qəbul edirlər. Belə ki, bələdiyyə ərazilərində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən investorlara torpaqların icarəyə verilməsi, inşaat üçün torpaq sahələrinin ayrılması qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Belə torpaq sahələrinin ayrılması yerli icra orqanları və bələdiyyələrin qərarları əsasında tənzimlənir. Bu isə onu göstərir ki, destinasiyalarda turizm ifrastrukturunun qurulmasında və investorların cəlbində də bələdiyyələr yaxından iştirak edirlər.

 

Göründüyü kimi bələdiyyələrin turizmin inkişafında rolu çoxşaxəlidir və bu rolun effektiv həyata keçirilməsi turizmin uğurlu inkişafına böyük təsir göstərir. İnfrastrukturun inkişafı, təhlükəsizlik və ekoloji mühafizə kimi sahələrdə bələdiyyələrin fəal iştirakı turizmin davamlı və dayanıqlı inkişafını təmin edir. Bu səbəbdən bələdiyyələrin turizm sektorunda fəaliyyətlərinin mövcud qanunvericiliyin tələbləri çərçivəsində dəstəklənməsi və genişləndirilməsi muxtar respublikada turizm sənayesinin inkişafına öz töhvəsini verəcəkdir. 

 

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.