
Turizm sənayesi nümayəndələri və muzeylər Naxçıvan Muxtar Respublikasının turizm potensialını əks etdirən təbliğat materialları ilə təmin olunublar
Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin əməkdaşları və Naxçıvanın Turizm Könüllüləri tərəfindən turizm sənayesi nümayəndələrinə və muzeylərə Naxçıvan Muxtar Respublikasının turizm potensialını əks etdirən təbliğat materialları təqdim olunub.
Naxçıvan broşürləri (Azərbaycan, rus və ingilis dillərində) və turistlər üçün nəzərdə tutulmuş xəritələrin (Naxçıvan Muxtar Respublikasının turist və bələdçi xəritələri) təqdim olunmasında əsas məqsəd Naxçıvan Muxtar Respublikasının turizm potensialını daha geniş auditoriyaya tanıtmaq, həm yerli, həm də xarici turistlərin muxtar respublikanın zəngin mədəniyyəti, tarixi irsi, təbii gözəllikləri və turizm imkanları haqqında daha düzgün və dolğun məlumat əldə etməsini təmin etməkdir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti turizm sektorunun inkişafı üçün önəmli təşəbbüslər həyata keçirir. Təşkil olunan bütün tədbirlərin icrasına
Turizm Könüllüləri də cəlb edilir. Bu isə öz növbəsində turizm sektoruna maraq göstərən gənclərə təcrübə qazandırır və gələcək kadr potensialının formalaşdırılmasına müsbət təsirini göstərir.