18 Oktyabr 2024,
...

Turizm sənayesi nümayəndələri təbliğat materialları ilə təmin olunmuşdur

Muxtar respublikanın təbii sərvətləri, rəngarəng iqlimi, zəngin mədəniyyət və qədim tarixi irsi cəlbedici və unikal turizm məhsullarının turistlərə təqdim edilməsi üçün geniş imkanlar yaradır.  Məhz bu zəngin mədəniyyətin, təbii gözəlliklərin, turizm imkanlarının geniş auditoriyada tanıdılması, turizm sektorunun inkişaf etdirilməsi Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin fəaliyyət istiqamətinin mühüm bir hissəsidir. Muxtar respublikanın turizm potensialının kifayət qədər yaxşı təqdim edilməsi vasitələrindən biri də broşür və digər çap məhsullarının hazırlanması və turistlər üçün əlçatanlığının təmin edilməsidir.  Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin əməkdaşları və “Naxçıvanın turizm könüllüləri” tərəfindən muxtar respublika haqqında məlumatları, xəritələri, muzeyləri, tarixi abidələri, əyləncə məkanları, milli mətbəx nümunələri, festivalları haqqında informasiyaları özündə əks etdirən broşürlər, bukletlər və digər çap materialları muxtar respublikanın turizm sənayesi nümayəndələrinə təqdim olunmuşdur. Mehmanxanalarda və digər turizm obyektlərində bu təbliğat materiallarının qonaqlara təqdim edilməsi, onların muxtar respublikanı daha yaxından tanımasına və öz istəklərinə uyğun səyahət planı hazırlamasına kömək edir.