22 Oktyabr 2024,
...

“Turizm işçiləri günü” peşə bayramı münasibətilə tədbir keçirilmişdir

28 sentyabr 2024-cü il tarixdə Naxçıvan Gənclik Mərkəzində Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin əməkdaşları, muxtar respublikada fəaliyyət göstərən turizm sənayesinin  nümayəndələri, muxtar respublikada fəaliyyət göstərən muzey nümayəndələri, Naxçıvan Dövlət  Universitetinin “Turizm işinin təşkili” ixtisasında təhsil alan tələbələrinin və müvafiq ixtisas üzrə təhsil verən müəllimlərin iştirakı ilə 29 sentyabr Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramı münasibətilə tədbir keçirilmişdir.

 

Tədbir Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsinin ziyarət olunması ilə başlayıb. Sonra Heydər Əliyev Muzeyinə gələn tədbir iştirakçıları Ümummilli Liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olublar. Ulu Öndərin hər kəsə örnək olan çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən həyatının Naxçıvan mərhələsi haqqında iştirakçılara ətraflı məlumat verilib. Bildirilib ki, 10 may 1999-cu ildən fəaliyyət göstərən muzeyin fondunda bu gün ulu öndərin həyat və fəaliyyətini əks etdirən bir çox eksponat toplanıb. Həmçinin, muzeydə sərgilənən ümummilli liderin şərəfli ömür yolunu əks etdirən fotoşəkillər, xatirə əşyaları və digər dəyərli eksponatlar haqqında geniş məlumat verilib.

 

Sonra təbdir Naxçıvan Gənclik Mərkəzində davam etmişdir. Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi ehtiramla yad olunmuş, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

 

Tədbirdə çıxış edən Departamentin direktoru Əkbər Novruzov bildirmişdir ki, ölkəmizdə turizmin inkişafı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ümummilli Liderimiz ölkəmizə hər iki rəhbərliyi dövründə bu sahənin inkişafını diqqətdə saxlamışdır. Ötən əsrin 70-ci illərində Azərbaycanda turizm təşkilatları və ekskursiya bazalarının geniş şəbəkəsi yaradılmış, müasir mehmanxanalar, ictimai əyləncə obyektləri inşa olunmuşdur. Müstəqillik illərində də Ulu Öndər bu sahənin inkişafını diqqətdə saxlamış, dövlət turizm siyasətinin tənzimlənməsi sahəsində mühüm hüquqi baza yaradılmışdır.

 

     Məruzəçi vurğulamışdır ki, “Turizm sektorunun inkişafı prioritetlər sırasındadır”, deyən ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Ümummilli Liderimizin siyasi xətti uğurla davam etdirilir, turizmin inkişafı vacib istiqamətlərdən biri kimi daim diqqətdə saxlanılır. Son illər ölkəmizin turizm potensialının beynəlxalq aləmdə tanıdılması, habelə turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Ölkə başçısının imzaladığı sərəncamlar, qəbul edilən Dövlət proqramlarının uğurlu icrası Azərbaycanı dünyada turizm ölkəsinə çevirmişdir.

 

Məruzəçi bildirmişdir ki, Azərbaycan Respublikası regionlarının, o cümlədən Naxçıvan Muxtar Respublikasının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu strategiyanın həyata keçirilməsində, o cümlədən bölgələrin inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda digər prioritet sahələrin inkişafı ilə yanaşı turizmin inkişafı da əsas istiqamətlərdən biri kimi qeyd olunmuşdur. Naxçıvan Muxtar Respublikasının duz yataqları, mineral suları, tarixi və dini abidələrindən, ekoturizm üçün təbii əlverişli şəraitindən yararlanmaqla, regionun rəqabətqabiliyyətli turizm məkanına çevrilməsi məqsədilə bu sahənin inkişafına yönəlmiş tədbirlərin görülməsi nəzərdə tutulur. Sağlamlıq turizminin imkanlarının genişləndirilməsi, qış və kənd turizminin, ekoturizmin inkişaf etdirilməsi, turizm infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilməsi də Dövlət Proqramında qeyd olunan əsas tədbirlərdəndir. Naxçıvan Muxtar Respublikasının turizm cəlbediciliyinin artırılması və tarixi memarlıq abidələrinin beynəlxalq səviyyədə qorunması məqsədilə həmin abidələrin UNESCO-nun maddi mədəni irs nümunələri üzrə əsas siyahısına salınması üçün işlərin  aparılması, eyni zamanda regionun turizm potensialının gücləndirilməsinə əhəmiyyətli təsir göstərəcək turizm və rekreasiya zonalarının yaradılması, turizm potensialının təbliği ilə bağlı layihələrin həyata keçirilməsi və turizm atlasının hazırlanması istiqamətində tapşırıqlar ön plana çəkilmişdir.

 

Məruzəçi bildirmişdir ki, Dövlət Proqramında qeyd olunan məsələlər bizim, ümumilikdə bütün turizm sektoru nümayəndələrinin qarşısında mühüm vəzifələr qoyur. Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində Dövlət Proqramının icrası istiqamətində işlərə başlanılmışdır. Belə ki, ötən dövrdə muxtar respublikada bir sıra görüşlərin və  turizm rekreasiya zonaları üçün turizm potensiallı ərazilərə baxış keçirilməsi, həmçinin Naxçıvan Muxtar Respublikasının turizm resurslarının qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun rəhbər heyəti və işçi qrupunun muxtar respublikaya səfəri təşkil edilmişdir. Səfər müddətində işçi qrupu muxtar respublikanın bir sıra rayon və kəndlərində olmuş, burada yerləşən turizm resurslarına yerində baxış keçirmişdir.

 

Həmçinin, Naxçıvan iqtisadi rayonu üzrə turizm inkişaf planının hazırlanması məqsədilə ərazilərin qiymətləndirilməsi istiqamətində bir sıra iş aparılmışdır. Belə ki, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu ilə bir sıra görüşlər keçirilmişdir. Görüşlər zamanı muxtar respublika ərazisində turizm potensialına malik olan ərazilərin imkanlarından daha geniş və səmərəli istifadə olunması məqsədilə turizm ehtiyatlarının qiymətləndirilmə prosesinin həyata keçirilməsi, muxtar respublikanın ekoloji və tarixi-mədəni turizm klasterlərinin formalaşdırılması üçün fikir mübadiləsi aparılmışdır. Qiymətləndirmənin məqsədi muxtar respublika ərazisində turizm potensialına malik olan ərazilərin imkanlarından daha geniş və səmərəli istifadə olunmasıdır. Müəyyən olunmuş meyarlar üzrə qiymətləndirmə hansı ərazinin çox və hansı ərazinin az turizm imkanına malik olduğunu üzə çıxarmaq imkanı verir.

 

Həmçinin ötən dövrdə Dağ cığırları əsasında piyada marşrutlarının (hiking route) xəritələrinin hazırlanması və Naxçıvan Muxtar Respublikasının turizm üçün əlverişli yaşayış məntəqələrinin qiymətləndirilməsi, qış, kənd və ekoturizm üzrə layihələrin hazırlanması yarımbəndlərinin icrası məqsədilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun əməkdaşlarının muxtar respublikaya səfəri təşkil olunmuşdur. Səfər müddətində dağ cığırları əsasında piyada marşrutlarının müəyyənləşdirilməsi üçün araşdırmaların aparılması yeni dağ cığırlarının (hiking route) xəritələrinin hazırlanması məqsədilə uyğun ərazilərə baxış keçirilmişdir. Müəyyənləşdirilmiş dağ cığırları marşrutlarının izləri GPS-lə qeydə alınmışdır.

 

Ötən dövrdə Azərbaycan Dövlət Turizm Agent­liyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq media və turizm sənayesi nümayəndələrinin iştirakı ilə “Ulu Öndər Heydər Əliyevin izi ilə” Naxçıvan turunun təqdimatı tədbiri keçirilmişdir.

 

         Muxtar respublikada ənənəvi turizm növlərinin inkişafı ilə bərabər qeyri-ənənəvi turizm fəaliyyətlərinin də inkişafı diqqətdə saxlanmışdır. Belə ki,  Türkiyə Dağçılıq Federasiyasının İğdırdakı Nümayəndəliyi və İğdır Dağçılıq Axtarış-Xilasetmə İdman Klubunun bir qrup nümayəndəsi Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşlar. “Xocalı Qətliamını Anma Dırmanışı” adlı səfərdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti, Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilati dəstəyi və yaxından iştirakı ilə Haçadağa zirvə yürüşü təşkil edilmişdir. Səfər müddətində Departamentin əməkdaşı tərəfindən alpinistlərə bələdçilik edilmişdir.

 

Ötən dövürdə muxtar respublikada turist məmnunluq indeksinin ölçülməsi və turist məmnunluq səviyyəsinin öyrənilməsi məqsədilə  Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən Azərbaycan və İngilis dillərində sorğular hazırlanmış, Naxçıvan şəhərində fəaliyyət göstərən mehmanxanalarda, turistlərin ən çox üz tutduğu məkanlardan biri olan “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində, Duzdağ Müalicə Mərkəzində və Xan Sarayında “Naxçıvanın turizm könüllüləri” ilə birgə turistlər arasında sorğular keçirilmişdir.

 

Vurğulanmışdır ki, bütün bu qeyd olunanlar onu deməyə əsas verir ki, qədim tarixə malik şərqin qapısı adlandırılan Naxçıvan qısa vaxt ərzində nümunəvi turizm mərkəzinə çevriləcəkdir. Bu istiqamətdə bizim hər birimiz üzərinə düşən ən mühüm vəzifə səylə çalışaraq doğma Naxçıvanımızda turizmin inkişafına töhfə verməkdir. Çıxışının sonunda Departamentin direktoru Əkbər Novruzov bütün turizm işçilərini 29 sentyabr Turizm işçiləri günü münasibətilə səmimi qəlbdən təbrik etmiş, fəaliyyətlərində uğurlar arzulamışdır.

 

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Həsən Seyidov qeyd etmişdir ki, ölkəmizdə turizm sahəsinin inkişafı bütün sahələrdə olduğu kimi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz o, böyük şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövrdə bütün Azərbaycan təbiətinin qorunması, dövlət əhəmiyyətli qoruqların yaradılması və mühafizə edilməsi, qədim  maddi mədəniyyət abidələrinin tədqiqi və onların bərpa edilib cəmiyyətimizə və respublikamıza gələn qonaqlara, həmçinin turistlərə təqdim edilməsi sahəsində misilsiz işlər həyata keçirilmişdir.

 

Respublikamızın hər yerində ən müasir hotellərin və istirahət mərkəzlərinin tikilməsi, yay və qış turizmi üçün yüksək şəraitin yaradılması, Azərbaycanın zəngin mədəniyyətinin dünyaya tanıdılması sahəsində həyata keçirilən çox mühüm işlərdir.

 

Bu gün şəhər və rayon mərkəzlərimiz, kəndlərimiz, xüsusi ilə dağ kəndlərimiz daha da yenilənmiş, kənd və xidmət mərkəzləri, inzibati binalar tikilmiş, rahat yollar salınmış, yaşayış məntəqələri təbii qaz və elektrik enerjisi ilə təmin olunmuş, təbiətimizin qorunması sahəsində çox ciddi işlər həyata keçirilmişdir.

 

Məruzəçi vurğulamışdır ki, Naxçıvan Muxtar Respublikası tarix-mədəniyyət abidələri ilə zəngindir. 1165 daşınmaz tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınaraq qorunur. Bunlardan 57-si dünya, 500-ə yaxını ölkə əhəmiyyətlidir. Naxçıvanın tarixinin min illərlə ölçülməsi, burada dünya memarlığının incisi hesab oluna biləcək tarixi memarlıq abidələrinin olması, zəngin mədəni irsi bu diyarı xarici turistlər üçün  əhəmiyyətli edir. Möminə Xatın, Yusif Küseyir oğlu türbələri, Qarabağlar Memarlıq Kompleksi və Xanəgah Abidə Kompleksi, Gəmiqaya daşüstü yazıları, qoruq-şəhər Ordubad, haqqında müqəddəs Qurani-Kərimdə bəhs edilən Əshabi-Kəhf, Azərbaycanın əyilməzlik simvolu Əlincəqala qədim tikililər, qalalar, yaşayış yerləri turistlər üçün cəlbedicidir. Buraya Naxçıvan diyarının zəngin folklorunu, musiqi və təsviri sənətini, ədəbiyyatını əlavə etsək tarixi-mədəni turizmin inkişaf etdirilməsi üçün necə böyük imkanlar olmasını təsəvvür etmək olar.

 

Sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Humanitar və sosial məsələlər şöbəsinin aparıcı məsləhətçisi Həsən Kərimov bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə hər il sentyabr ayının 29-nun Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramı kimi qeyd edilməsi turizm sahəsində çalışan insanlara dövlət səviyyəsində göstərilən ehtiramın, onların fəaliyyətinə verilən yüksək qiymətin ifadəsidir.

 

Məruzəçi vurğulamışdır ki, insanların asudə vaxtının səmərəli təşkilində, dünyagörüşünün zənginləşməsində turizmin rolu əvəzsizdir. Təsadüfi deyil ki, hər il milyonlarla insan istirahət, tarixi, mədəni və təbii irslə tanışlıq, sağlamlıq, bərpa və digər məqsədlərlə dünyanın müxtəlif ölkələrinə səyahət edir. Turizm həm də ən gəlirli sahələrdən biri kimi, bir çox ölkənin sosial-iqtisadi inkişafında, maliyyə ehtiyatlarının formalaşmasında, məşğulluğun təmin olunmasında böyük pay sahibidir. Ölkəmiz müstəqillik qazandıqdan sonra turizmin inkişafı başlıca vəzifələrdən biri kimi qarşıya qoyulmuş, mövcud turizm infrastrukturunun müasir tələblər səviyyəsində yenidən qurulması, göstərilən xidmətlərin çeşid və keyfiyyətinin artırılması, bu sahənin qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. 2021-ci ildə qəbul edilmiş “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda ölkəmizdə turizm sahəsinin dövlət idarəetməsinin əsasları, turizm sənayesinin tənzimlənmə mexanizmləri, turizm ehtiyatlarından səmərəli istifadə qaydaları, turizm sahəsinin maliyyələşdirilmə mənbələri müəyyən edilmişdir.

 

Qeyd olunmuşdur ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan, bu il yaradılmasının 100 illiyini qeyd etdiyimiz Naxçıvan Muxtar Respublikasının gözəl təbiəti, iqlimi, qədim tarixi memarlıq abidələri, qonaqpərvər əhalisi, ləziz mətbəxi və sahib olduğu bir çox başqa xüsusiyyətlər onun turizm baxımından cəlbediciliyini artırır.

 

Sonra tədbirdə çıxış edən “Naxçıvan Palace” hotelinin direktoru Rahib İsmixanov qeyd etmişdir ki, mehmanxana və ya hotel təsərrüfatı turizm sənayesinin mühüm tərkib hissəsidir. Vurğulanmışdır ki, turist məmnunluğu hotellərdə və ictimai iaşə obyektlərində xidmətin keyfiyyətindən birbaşa asılıdır. Ən əsası isə qonaqlara göstərilən yerləşdirmə xidməti turizm sahəsində mühüm əhəmiyyət kəsb edən xidmət sahəsidir. Yerləşdirmə xidmətinin keyfiyyətinin və müştərilərin məmnunluq səviyyələrinin yüksək dərəcədə olması mehmanxanaların üzərinə düşən əsas vəzifələrdəndir. Uğurlu bir hotel biznesinin əsas xüsusiyyəti müştərilərin nömrəni əvvəlcədən sifariş verilməsindən tutmuş yerləşməyə qədər hərtərəfli düzgün təqdim edilməsi və keyfiyyətli xidmətlərin davamlı olaraq təkmilləşdirilməsidir. Məruzəçi qeyd etmişdir ki, hər birimiz məsuliyyətini dərk etdiyimiz turizm sahəsində səylə çalışmalı, bu sahəyə diqqəti daha da artırmalı, turizm sahəsində yeni peşəkar kadrların yetişməsinə dəstək olmalı və şərait yaratmalıyıq.

 

Daha sonra çıxış edən “Qafqaz Turizm” MMC-nin rəhbəri Mehman Şabanov bildirmişdir ki, Turizm ölkə iqtisadiyyatının mühüm bir sektoru olmaqla yanaşı, mədəniyyətimizin, təbii gözəlliklərimizin və tarixi irsimizin tanıdılmasında əvəzsiz rol oynayır. Məhz turoperatorların vəzifəsi isə həmin ərazidə yaşayan insanların mədəniyyətini, adət-ənənələrini və gözəlliklərini zəngin bir şəkildə geniş bir arenada tanıdaraq oraya daha çox turistin gəlməsini həmçinin yerli icmaların turizm fəaliyyətlərinə qatılmasını təşviq etməkdir. Bu isə öz növbəsində yerli əhalinin iqtisadiyyatını gücləndirərək, onların mədəni irsi qorumağa və təbliğ etməyə imkan yaradır. Qeyd olunmuşdur ki, son illər muxtar respublikada turizm sahəsində həyata keçirilən müxtəlif layihələr Naxçıvanın turizm potensialını artırmaqla yanaşı buraya gələn qonaqların məmnuniyyət hissini də yüksəltmiş olur.

 

Çıxışının sonunda məruzəçi bu peşə bayramı münasibətilə bütün turizm sənayesi nümayəndələrini təbrik etmişdir.

 

Tədbirin sonunda isə muxtar respublikanın turizm potensialını əks etdirən videoçarxa baxış keçirilmişdir.