Tələbələrin istehsalat təcrübəsi davam edir
Naxçıvan Dövlət Universitetində və “Naxçıvan” Universitetində “Turizm işinin təşkili” ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin 7 mart 2024-cü il tarixdən 6 aprel 2024-cü il tarixədək tərtib olunmuş qrafikə əsasən Naxçıvan şəhərində yerləşən muzeylərdə və Naxçıvan Biznes Mərkəzində ekskursiya keçmələri təmin olunmuş, həmçinin, turoperatorlar tərəfindən seminar keçirilməsi üçün lazımi şərait yaradılmışdır.
8 mart 2024-cü il tarixdə tələbələrin Heydər Əliyev Muzeyinə ekskursiyası təşkil olunmuşdur. Burada tələbələrə muzeyin yaranma tarixi haqqında məlumat verilmiş, bildirilmişdir ki, Heydər Əliyev Muzeyi 1999-cu il 18 fevral tarixdə yaradılmış və 1999-cu il may ayının 10-da fəaliyyətə başlamışdır. Qeyd olunmuşdur ki, muzeydə zəngin fond materialları, orijinal sənədlər və eksponatlarla dahi rəhbərin mənalı həyatı, xalqımızın rifahı, xoş gələcəyi naminə siyasi fəaliyyətinin ayrı-ayrı dövrləri işıqlandırılıb. Muzeydəki dəyərli ekspozisiyada Ulu Öndərimizin uşaqlıq və gənclik dövrü, təhsil illəri, ilk əmək fəaliyyəti, 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr, Naxçıvana qayıdışı, muxtar respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyəti dövrü zəngin materiallarla tələbələrə nümayiş etdirilmişdir.
Tərtib olunmuş qrafikə əsasən tələbələr Naxçıvan Dövlət Tarix Muzeyində, "Xan Sarayı" Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində, Cəmşid Naxçıvanski Muzeyində həmçinin, adıçəkilən muzeylərlə yanaşı Naxçıvan şəhərində yerləşən digər muzey və tarixi abidələrlə də tanış olmuşlar. Muzey ekskursiyalarının sonunda bələdçilər tərəfindən tələbələri maraqlandıran suallar cavablandırılmışdır.
24 may 2024-cü il tarixədək davam edəcək təcrübənin qrafikinə əsasən 1 və 6 aprel 2024-cü il tarixlərdə Naxçıvan şəhərində fəaliyyət göstərən “Naxcivan Travel” və “Qafqaz Turizm” MMC-nin rəhbərləri tərəfindən tələbələrə seminar keçmələri təşkil olunmuşdur. Seminarlarda qeyd olunmuşdur ki, turoperator turların komplektləşdirilməsi, turizm məhsulunun formalaşdırılması, hərəkətə gətirilməsi və satışı ilə məşğul olan turizm təşkilatıdır. Turoperator turizm məhsulunun hərəkətə gətirilməsi və satışı zamanı bir vasitəçi kimi turagent fəaliyyəti göstərən fiziki və ya hüquqi şəxslərlə qarşılıqlı əlaqələr yaradır.
Təcrübə zamanı tələbələrə turizm məhsulunun formalaşdırılması, hərəkətə gətirilməsi və satışının təşkili haqqında ətraflı məlumat verilmiş, turoperator fəaliyyətinin ümumi prinsipləri, müştərilərin turlara olan təlabatının öyrənilməsi, tur proqramlarının hazırlanması, turoperatorların xidmət təminatçıları olan yerləşdirmə obyektləri, qidalanma obyektləri, ayrı-ayrı nəqliyyat şirkətləri ilə əməkdaşlığın təşkili haqqında da geniş bəhs olunmuşdur. Turoperatorlar tərəfindən turizm səyahətlərinin təşkili, biletlərin satışı, internet vasitəsi ilə qabaqcadan biletlərin bronlaşdırılması, turistlərin proqramla nəzərdə tutulmuş və istifadə edəcəkləri xidmətlər barədə tələbələrə məlumat verilmişdir. Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.