17 May 2024,
...

Tələbələrin istehsalat təcrübəsi davam edir

Naxçıvan Dövlət Universitetində və “Naxçıvan” Universitetində “Turizm işinin təşkili” ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin 19 fevral 2024-cü il tarixdən 6 mart 2024-cü il tarixədək tərtib olunmuş qrafikə əsasən Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində təcrübə keçmələri təmin edilmişdir. Bu müddət ərzində tələbələr Departamentin aidiyyatı sektorlarının iş fəaliyyətləri ilə tanış olmuşlar. Təcrübə zamanı tələbələrə aid sahələr üzrə hesabatların hazırlanması, turizm qanunvericiliyi, mehmanxanaların ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları, turist marşrutuna tələblər və  marşrutun hazırlanma qaydaları, Naxçıvan Muxtar Respublikasının turizm potensialı, könüllülük fəaliyyətinin həyata keçirilməsi, kargüzarlıq işinin aparılması, etik davranış qaydaları və Departamentin mərkəzi icra hakimiyyəti orqanı kimi dövlətin turizm sahəsində siyasətini həyata keçirən fəaliyyəti  haqqında məlumatlar geniş şəklidə izah olunmuşdur. Bundan başqa 23 və 26 fevral 2024-cü il tarixlərdə tələbələrə “Peşəkar bələdçi” təliminin I və II modulları keçirilmişdir. Təlimin I modulunda bildirilmişdir ki, keçirilən təlimlərin əsas məqsədi peşənin imicini artırmaq, bu sahə üçün yeni insan resurslarını müəyyənləşdirmək və tələbələrə bələdçilik fəaliyyətinin mahiyyətini aşılayaraq peşəni sevdirmək, həmçinin, tələbələrin turizm-ekskursiya işinin təşkilində yüksək səviyyədə bilik və bacarıqlara yiyələnməsidir. Modulumuzun I təlim nəticəsini mənimsəyən tələbə bələdçilik sənətinin tarixini, mahiyyətini və bələdçilik peşəsi ilə bağlı huquqi-normativ sənədləri biləcək, bələdçilik peşəsinin bu gününü və keçmişini uzlaşdırmağı, ekskursiyanın mahiyyətini müəyyən etməyi, peşəkar bələdçi peşəsi ilə bağlı hüquqi normativ sənədləri sadalamağı bacaracaqdır. “Peşəkar bələdçi” təliminin II modulu zamanı isə təlimçi ilk öncə ekskursiya-bələdçisinin peşəkarlığının tərkib hissələri haqqında tələbələrə məlumat vermişdir. Bildirmişdir ki, peşəkarlıq hər hansı bir sahədə yüksək qabiliyyət, müstəsna bacarıq deməkdir. Ekskursiya-bələdçisinin peşəkarlığının mühüm cəhəti onun qrupa rəhbərlik edə bilməsi və turistlərlə ünsiyyət yaradıb onu uzun müddət saxlamaq bacarığıdır. Bunlardan başqa təlimçi slayd vasitəsilə tələbələrə ekskursiya zamanı bələdçilərin vəzifəsi, peşə etikası, şifahi nitqin əsas xüsusiyyətləri, nitqin dinləmə və görmə elementləri, ekskursiya zamanı daxili və xarici maneələr haqqında geniş məlumat vermişdir. Həmçinin, ekskursiya zamanı informasiyanın turistlərə ötürülməsində diksiyanın, jestlərin, mimikanın və obrazlı çıxışın əhəmiyyətini tələbələrin diqqətinə çatdırmışdır. Keçirilən təcrübələrin sonunda tələbələri maraqlandıran suallar əməkdaşlar tərəfindən cavablandırılmışdır.

Tərtib olunmuş qrafikə əsasən tələbələrin 7 mart 2024-cü il tarixdən 9 aprel 2024-cü il tarixədək Naxçıvan şəhərində yerləşən muzeylərdə və tarixi abidələrdə təcrübələri davam etdiriləcəkdir.