12 Mart 2025,
...

Tələbələrin Heydər Əliyev Muzeyinə ekskursiyası təşkil olunub

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən tərtib edilmiş qrafikə uyğun olaraq, istehsalat təcrübəsi müddətində Naxçıvan Dövlət Universitetinin “Turizm işinin təşkili” ixtisası üzrə təhsil alan IV kurs tələbələri üçün növbəti ekskursiya təşkil edilib. Təcrübə proqramı çərçivəsində tələbələr Ümummilli Lider Heydər Əliyevin zəngin irsini və dövlətçilik fəaliyyətini daha yaxından tanımaq məqsədilə ümummilli lider Heydər Əliyevin Muzeyini ziyarət ediblər.

 

Ekskursiya zamanı tələbələrə muzeyin yaranma tarixi, fəaliyyət istiqamətləri və burada nümayiş etdirilən eksponatlar haqqında geniş məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Muzeyi 1999-cu il 18 fevral tarixində yaradılmış və həmin il may ayının 10-da fəaliyyətə başlamışdır. Ümummilli Lider Heydər Əliyev 1999-cu il oktyabrın 13-də Naxçıvan Muxtar Respublikasına səfəri zamanı muzeyə gələrək buradakı ekspozisiya ilə tanış olmuşdur. Bu tarixi səfər zamanı çəkilmiş fotolar və həmin görüşü əks etdirən materiallar hazırda muzeydə sərgilənir.

 

Muzeydə Ulu Öndərin ictimai-siyasi fəaliyyətini əks etdirən çoxsaylı eksponatlar yer alır. Burada Heydər Əliyevin müxtəlif dövrlərdə istifadə etdiyi şəxsi əşyalar, onun ictimai-siyasi fəaliyyətinə aid kitablar, qəzet və jurnallarda dərc edilmiş məqalələr, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı və qəbul etdiyi tarixi qərar və sərəncamlar, imzalanmış protokollar və müqavilələr, məktublar, teleqramlar, eləcə də xatirə əşyaları nümayiş olunur. Bundan başqa, muzeydə Heydər Əliyevin şərəfinə toxunmuş xalçalar, müxtəlif rəssamlar tərəfindən çəkilmiş portretlər, tarixi fotolar və sənədli filmlər təqdim edilir.

 

Ekskursiya iştirakçıları muzeydə sərgilənən materiallar əsasında Ulu Öndərin həyat və fəaliyyəti, onun Azərbaycanın inkişafında oynadığı mühüm rol haqqında ətraflı məlumat əldə ediblər. Onlara Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının inkişafına yönəlmiş tarixi qərarları, bu torpaqda dövlətçilik ənənələrinin qorunub saxlanılması və gücləndirilməsi istiqamətində həyata keçirdiyi mühüm tədbirlər barədə geniş məlumat verilib.

 

Qeyd edək ki, Naxçıvan Dövlət Universitetinin tələbələrinin istehsalat təcrübəsi çərçivəsində təşkil olunan ekskursiyalara cəlb edilməsi onların nəzəri biliklərini təcrübə ilə möhkəmləndirməsinə, Azərbaycanın dövlətçilik tarixini daha yaxından öyrənməsinə və gələcək turizm fəaliyyətində bu biliklərdən istifadə etməsinə imkan yaradır. Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən həyata keçirilən bu cür maarifləndirici ekskursiyalar tələbələrin peşəkar bacarıqlarını inkişaf etdirməsi baxımından mühüm əhəmiyyət kəsb edir.