24 May 2025, 10:19
...

Su ehtiyatlarından turizm məqsədilə istifadə imkanlarının qiymətləndirilməsi və təşviqi üzrə “İşçi qrup”un ilk iclası keçirilmişdir

12 fevral 2025-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində Su ehtiyatlarından turizm məqsədilə istifadə imkanlarının qiymətləndirilməsi və təşviqi üzrə “İşçi qrup”un ilk iclası keçirilmişdir. İclasda Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin əməkdaşları, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının “İşçi qrup”a üzv olan nümayəndələri iştirak etmişdir.

 

İclası giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri, Su ehtiyatlarından turizm məqsədilə istifadə imkanlarının qiymətləndirilməsi və təşviqi üzrə “İşçi qrup”un rəhbəri Süleyman Rüstəmov Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli 320 nömrəli Sərəncamı ilə "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"nın əhəmiyyətini vurğulamışdır.

 

Qeyd olunmuşdur ki, Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının dayanıqlı inkişafı yolunda “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” mühüm əhəmiyyət kəsb edir. Bu strategiya, yalnız milli iqtisadiyyatın gücləndirilməsi üçün deyil, həm də ətraf mühitin qorunması, sosial rifahın artırılması və digər sahələrin inkişafı üçün vacibdir. Su ehtiyatlarından səmərəli istifadə həm də regionların turizm potensialını artırmaq üçün geniş imkanlar təqdim edir. Naxçıvan Muxtar Respublikası təbii ehtiyatlarının zənginliyi və unikallığı ilə seçilir. Belə ki, Naxçıvanın termal suları, mineral bulaqları, gölləri və çayları həm ekoloji turizmin, həm də sağlamlıq turizminin inkişafı üçün böyük potensiala malikdir. Qəbul olunmuş müvafiq strategiya bu ehtiyatların davamlı istifadəsini təmin etməklə, həm iqtisadiyyatımıza, həm də turizmin inkişafına töhfə verməyi hədəfləyir.

 

Naxçıvanın su ehtiyatları, həm təbii sərvətlərin qorunması, həm də turizm potensialının artırılması üçün böyük əhəmiyyətə malikdir. Dövlət orqanlarının dəstəyi ilə bu sahədə effektiv strategiyalar hazırlanaraq icra edildiyi təqdirdə Naxçıvan beynəlxalq səviyyədə tanınan bir turizm məkanına çevrilə bilər. Bu istiqamətdə hamımızın birgə səyi ölkəmizin davamlı inkişafına və regionun sosial-iqtisadi rifahının yüksəlməsinə mühüm töhfə verəcəkdir. Bu sahədə daha uğurlu nəticələrə nail olmaq üçün aidiyyəti dövlət qurumlarının rəy və təklifləri olduqca vacibdir.

 

Daha sonra çıxış edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsinin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Planlama, təmir-bərpa və icrasına nəzarət şöbəsinin baş məsləhətçisi Telman Rzayev muxtar respublikanın su ehtiyatları haqqında ətraflı məlumat vermiş, Naxçıvanın su ehtiyatlarının turizm potensialına təsiri ilə bağlı qeyd etmişdir ki, Naxçıvanın zəngin su ehtiyatları və unikal təbiəti regionun turizm potensialının inkişafı üçün geniş imkanlar yaradır. Batabat gölləri və süni su anbarları ekoturizm, su idman növləri və ailəvi istirahət üçün əlverişli məkanlar hesab edilir. Həmçinin, Batabat göllərinin unikal ekosistemi və turizm imkanları xüsusi vurğulanıb. Bununla yanaşı su anbarlarının da turizmə cəlb edilməsi üçün müxtəlif layihələrin həyata keçirilməsinin vacibliyi qeyd edilib. Naxçıvanın mineral bulaqlarının turizm sahəsində əhəmiyyətinə də toxunulub. Muxtar respublika ərazisində mövcud olan termal-mineral suların sağlamlıq turizminin inkişafına töhfə verə biləcəyi vurğulanıb.

 

İclasda Muxtar Respublikanın su ehtiyatlarından turizm və rekreasiya məqsədilə istifadəsinin genişlədirilməsi və investisiya imkanları olan su ehtiyatlarının dövlət−özəl tərəfdaşlığı və digər mexanizmlər əsasında investisiya cəlb edilməsinə dair təkliflər dinlənilmiş, həmçinin, termal-mineral su ehtiyatlarından turizm məqsədilə istifadəyə dair işçi qrup üzvlərinin təmsil olunduğu qurumun səlahiyyətləri çərçivəsində təkliflərin hazırlanması  və  digər məsələlər müzakirə olunmuşdur.