23 May 2025, 00:18
...

“Peşəkar bələdçi” təlimi başa çatıb

Naxçıvan Muxtar Respublikası Turizm Departamentində  Naxçıvan Dövlət Universitetinin “Turizm işinin təşkili” ixtisası üzrə təhsil alan tələbələr üçün təşkil olunan  "Peşəkar bələdçi“ təliminin II modulu keçirilib. 

 

Təlimin ikinci günündə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin  Statistika və sertifikatlaşdırma sektorunun müdiri Süleyman Rüstəmov çıxış edərək turizm sektorunda bələdçi peşəsinin əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, bələdçilər turistlərə məlumat verən şəxsdirlər. Onlar turistlərlə ünsiyyət qurur, şəhəri tanıdır, tarixi abidələrlə tanış edir, getmək istədikləri yerlərə istiqamətləndirir, turistlərin yüksək səviyyədə xoş təəssüratla yola salınmasında əvəzsiz rol oynayır. Bu baxımdan bələdçilər - peşəkar, dünyagörüşlü, insanlarla ünsiyyət qurmaq bacarığı olan şəxslər olmalıdır. Turistlərə göstərilən xidmətlərin səviyyəsi bələdçinin bilik və təcrübəsindən asılıdır.

 

“Naxçıvan Travel” MMC-nin rəhbəri, Dünya Turizm Bələdçilər Assosiasiyası Federasiyasının və Azərbaycan Turizm Bələdçilər Assosiasiyasının üzvü Natiq Paşayev “Turist psixologiyası və böhran vəziyyətində qrupun idarə edilməsi" mövzularında çıxış edib. Peşəkar turizm bələdçisi bildirib ki, tur zamanı turist psixologiyası onların davranışlarını, gözləntilərini, qərar vermə proseslərini və səyahət təcrübələrinə reaksiyalarını öyrənən bir sahədir. Turistlərə daha yaxşı xidmət göstərmək və məmnuniyyət səviyyəsini artırmaq üçün turizm bələdçiləri turistlərin psixologiyasını başa düşməlidir.

 

Böhran vəziyyətində qrup idarəetməsi, effektiv ünsiyyət, çevik qərarvermə və psixoloji sabitlik tələb edir. Turizm bələdçisi isə bütün vəziyyətlərdə hazırlıqlı olmalıdır. Çünki o, təkcə turist qrupunu idarə edən şəxs deyil, həm də turistlərin təhlükəsizliyinə və məmnunluğuna cavabdeh olan liderdir. Qeyd olunub ki, tur zamanı baş verə biləcək gözlənilməz hadisələrə hazır olmaq, sürətli və düzgün qərarlar vermək, həmçinin qrupun psixoloji vəziyyətini nəzarətdə saxlamaq onun əsas vəzifələrindən biridir.

 

Təlimin praktiki məşğələ hissəsində tələbələr  Naxçıvan memarlıq məktəbinin incilərindən hesab edilən “Yusif Küseyr oğlu türbəsi”ni ziyarət edib, Peşəkar turizm bələdçisindən real  mühitdə peşəkar davranış qaydaları, turistlərin marağını cəlb etmək və onlarla düzgün ünsiyyət qurmaq kimi vacib bacarıqları öyrəniblər.

 

Turizm sahəsində təhsil alan tələbələrin bilik və bacarıqlarını inkişaf etdirmək, onların peşəkar bələdçi kimi yetişməsinə dəstək vermək məqsədilə təşkil olunan "Peşəkar bələdçi“ təlimi uğurla başa çatıb.