25 Aprel 2024,
...

“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ordubad rayonu Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın incisi adlandırdığı Ordubadın adına ilk dəfə V əsrin yazılı mənbələrində rast gəlinir. Rayonun ərazisi Qədim Daş dövründən başlayaraq Son Orta əsrlərə qədərki dövrə aid abidələrlə zəngindir. Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə, Qapıcıq dağının cənub-şərq yamacındakı Qaranquş yaylağında Tunc və İlk Dəmir dövrlərinə aid edilən, üzərində ov və rəqs səhnələri, müxtəlif işarələr və damğalar olan qaya parçaları aşkar edilmişdir ki, bu da əcdadlarımızın həyat tərzini, dünyagörüşünü, adət-ənənələrini izləməyə imkan verir. Rayonun ərazisindəki Xarabagilan şəhər yeri Orta əsrlər dövrünün şəhər həyatını, təsərrüfatını, sənətkarlığını, müdafiə sistemini, su təchizatını və memarlığını tədqiq etmək üçün unikal arxeoloji abidədir.

Rayonun inzibati mərkəzi Ordubad şəhəri qədim tarixə malikdir. XVII əsrin əvvəllərində Ordubadda Cümə məscidi, mədrəsə, buzxana, qeysəriyyə, hamam və karvansaralar tikilmiş, Anbaras, Kürdatal, Üçtürləngi, Mingis və Sərşəhər məhəllələri, Ərasət meydanı ansamblı, üç meydan ətrafında örtülü bazar kompleksi salınmışdır. Ordubadın əsas su təchizatı olan kəhriz sistemi də bu dövrdə yaradılmışdır. Şəhərin küçə şəbəkəsi Cümə məscidinin yerləşdiyi mərkəzi meydandan şüa şəklində şaxələnərək müxtəlif məhəllələrin əsasını təşkil edir. XVII–XVIII əsrlərdə inşa edilmiş Cümə, Anbaras, Sərşəhər, Dilbər və Təkeşiyi məscidləri öz tarixi və mədəni əhəmiyyətini bu gün də saxlayır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanın tarixi və mədəni irsinin nadir nümunələrindən olan Ordubad şəhərinin ərazisində yerləşən abidələrin daha yaxşı qorunması, təbliği və idarə olunmasının təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Ordubad Tarix-Memarlıq Qoruğunun ərazisi “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu (bundan sonra – Qoruq) elan edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Qoruğun sərhədlərini və mühafizə zonasını üç ay müddətində müəyyənləşdirib təsdiq etsin;

2.2. Qoruğun ərazisinin xüsusi rejimini dörd ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. Qoruğun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər görsün;

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Qoruğun fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsi Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaiti hesabına həyata keçirilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 fevral 2024-cü il