“Naxçıvan Muxtar Respublikasının turizm potensialının təbliğində könüllülərin rolu ” mövzusunda tədbir keçirilmişdir
30 sentyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin əməkdaşlarının, Naxçıvan Dövlət Universitetinin “Turizm işinin təşkili” ixtisasında təhsil alan tələbələrinin və müvafiq ixtisas üzrə təhsil verən müəllimlərin iştirakı ilə “Naxçıvan Muxtar Respublikasının turizm potensialının təbliğində könüllülərin rolu ” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin Bələdiyyə və turizm kafedrasının müdiri, Fəlsəfə üzrə fəlsəfə doktoru Flora Kərimova çıxış edərək bildirmişdir ki, müasir dövrdə bilik hər bir ölkənin iqtisadiyyatının davamlı inkişafında mühüm rol oynayır. Bu səbəbdən kadr potensialının gücləndirilməsi hər bir ölkənin sosial-iqtisadi inkişafının təmin edilməsi üçün müstəsna əhəmiyyət kəsb edir. Bu gün təhsil sistemi ölkədə dövlət siyasətinin əsas prioritetlərindən biri hesab edilir. Məruzəçi vurğulamışdır ki, ümummilli liderimizin müəyyənləşdirdiyi təhsil strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Ölkə rəhbəri dəfələrlə bildirmişdir ki, Azərbaycanda milli tərəqqi, gələcək inkişafın əsasının qoyulması elm və təhsilin inkişafından, gənclərin müasir biliklərə yiyələnməsindən asılıdır.
Qeyd olunmuşdur ki, yüksəkixtisaslı insan kapitalının formalaşdırılmasında ali təhsil sisteminin qarşısında mühüm vəzifələr durur. Məhz Naxçıvan Dövlət Universitetində də ölkə üçün çox sayda dəyərli mütəxəssislər, yüksək bilik və bacarığa malik kadrlar hazırlanır.
Sonra slayd vasitəsilə çıxış edən Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Turizmin inkişafı və təbliği sektorunun baş məsləhətçisi Elşən Mehralıyev bildirmişdir ki, tələbələrin qədim diyarımızın turizm potensialının öyrənilməsi və təbliğində iştirakı, eyni zamanda onların gələcəkdə turizm sektoru üçün təcrübəli kadr kimi formalaşdırılması məqsədi ilə 2019-cu ilin sentyabr ayından etibarən həyata keçirilən “Naxçıvanın turizm könüllüləri” layihəsi bu gün də Departament tərəfindən uğurla davam etdirilir. Ötən dövr ərzində muxtar respublika səviyyəli, o cümlədən Departament tərəfindən həyata keçirilən bir sıra tədbirlərdə həmin könüllülərin iştirakı təmin edilmiş, onların potensialından səmərəli istifadə olunmuşdur. Tədris illəri ərzində könüllülərlə maarifləndirici görüşlər keçirilmiş, Departament tərəfindən təşkil olunmuş müxtəlif seminar və tədbirlərdə tələbələrin iştirakı təmin edilmişdir. Həmçinin, Naxçıvan Muxtar Respublikasında yerləşən muzeylərə, tarixi abidələrə, müalicə mərkəzlərinə və xüsusi mühafizə olunan təbiət ərazilərinə ekskursiyalar təşkil edilir, təcrübələr keçirilir, maarifləndirici seminarlar təşkil olunur.
Məruzəçi bildirmişdir ki, könüllülüyə qəbul məqsədilə Naxçıvanın turizm könüllüləri üçün qeydiyyat blankı hazırlanmışdır. Bu blank vasitəsilə könüllülər qeydiyyatdan keçərək turizm könüllüləri sıralarına qoşulurlar. Qeydiyyat prosesində könüllülərin dil biliyi, kompüter bacarıqları, ünsiyyət bacarıqları və turizm sahəsindəki təcrübələri qiymətləndirilir. Bu məlumatlar əsasında, hər bir könüllünün hansı sahədə və hansı layihələrdə daha effektiv iştirak edə biləcəyi müəyyən edilir. Bunlarla yanaşı, könüllülərin problem həll etmə bacarıqları, liderlik qabiliyyəti və komanda işinə meyilliliyi də dəyərləndirilir. Bu proses könüllülərin potensialını ən yaxşı şəkildə ortaya çıxarmaq məqsədi daşıyır. Nəticədə, könüllülər müxtəlif tədbirlərdə və layihələrdə aktiv iştirak edərək, həm öz bacarıqlarını inkişaf etdirir, həm də muxtar respublikanın turizm imkanlarından səmərəli istifadə olunmasında öz töhfələrini verirlər.
Sonra “Naxçıvanın turizm könüllüləri”nin fəaliyyəti slayd vasitəsilə tələbələrə təqdim olunmuş, onların könüllülük fəaliyyəti ilə bağlı sualları cavablandırılmışdır.
Sonda “Naxçıvanın turizm könüllüləri” layihəsinə qoşulmaq istəyən tələbələrlə “Könüllü fəaliyyət haqqında müqavilə” bağlanmışdır.