
Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində istehsalat təcrübəsi keçən Naxçıvan Dövlət Universitetinin “Turizm işinin təşkili” ixtisası üzrə təhsil alan tələbələrə “Peşəkar bələdçi” təliminin I modulu keçirilib
Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı və peşəkar kadr hazırlığının gücləndirilməsi istiqamətində əhəmiyyətli tədbirlər görülməkdədir. Görülən işlər çərçivəsində Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin təşkilatçılığı ilə "Peşəkar Bələdçi Təlimi"nin I modulu uğurla keçirilib.
Təlimin giriş hissəsində Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Süleyman Rüstəmov çıxış edərək ölkəmizdə turizm sahəsinə göstərilən diqqəti vurğulayıb və bu sahədə görülən əhəmiyyətli işlərdən söhbət açıb. Bildirilib ki, ölkə başçısı cənab İlham Əliyevin imzaladığı sərəncamlar, qəbul edilən Dövlət proqramlarının uğurlu icrası Azərbaycanın turizm potensialının beynəlxalq aləmdə tanıdılması ilə yanaşı turizmin müxtəlif növlərinin inkişafına da şərait yaradıb. Sektor müdiri qeyd edib ki, ölkəmizdə turizm sahəsində əldə olunan uğurlar Naxçıvan Muxtar Respublikasından da yan keçməyib. Muxtar respublikada turizm sektorunun sürətli inkişafı peşə və ixtisas səviyyəsi yüksək olan kadrlara ehtiyacı çoxaldıb. Bu baxımdan ekskursiya işinin təşkilində bələdçilərə olan tələbat da ayrıca vurğulanıb.
Təlimdə turizm sahəsində geniş təcrübəyə malik mütəxəssis, “Qafqaz Turizm” MMC-nin direktoru, tanınmış peşəkar turizm bələdçisi Mehman Şabanov "Bələdçi peşəsinin müasir tələbləri" mövzusunda geniş təqdimatla çıxış edib. Modulun əhəmiyyətini diqqətə çatdıran peşəkar bələdçi bildirib ki, bu modul tələbələri turizm sahəsindəki müasir dəyişikliklərə hazırlayır, onlara bələdçi və turist arasında effektiv əlaqə qurma bacarığı aşılayır.
Təlimin ikinci hissəsi praktiki məşğələlərə həsr olunub. Tələbələr Naxçıvanın zəngin mədəni irsini daha yaxından tanımaq üçün “Xan Sarayı Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi”ndə olub, Naxçıvanın məşhur turizm məkanlarında real bələdçilik xidmətləri təcrübəsi əldə ediblər. Tələbələr bu abidələr barədə məlumatları düzgün və cazibədar şəkildə təqdim etməyi öyrəniblər. Mehman Şabanov tələbələrə turistik məkanların tarixi və mədəni əhəmiyyətini vurğulayaraq, onlara təqdimat zamanı istifadə etməli olduqları metodlar və kommunikasiya vasitələri haqqında praktiki məsləhətlər verib.
Qeyd edək ki, 2 gün müddətində planlaşdırılan “Peşəkar bələdçi” təlimi 4 mart tarixində yekunlaşacaq.