
Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası davam etdirilir
Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti 2024-cü il ərzində “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planının icrasını yüksək səviyyədə təmin etmək istiqamətində fəaliyyətini həyata keçirir.
Dekabrın 22-də Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu, Batabat yaylağı ərazisində dağ cığırları əsasında piyada marşrutlarının (hiking route) nişanlanması üçün cığırların ilkin kəşfiyyatı, marşrutların müəyyən edilməsi və xəritələrinin hazırlanması, marşrutların nişanlanması üçün GPS yazılarının və hesabatların təqdim edilməsi xidmətlərinin göstərilməsi üçün “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilmiş satınalma müsabiqəsinin qalibi olmuş “MOUNTAİN HOST AZERBAİJAN” MMC-nin nümayəndələri və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin əməkdaşları tərəfindən Şahbuz rayonu Batabat yaylağı ərazisində dağ cığırları əsasında piyada marşrutlarının (hiking route) yaradılması üçün layihələndirmə işlərinə start verilib.
“MOUNTAİN HOST AZERBAİJAN” MMC-nin nümayəndələri Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin əməkdaşları ilə birlikdə Şahbuz rayonu Batabat yaylağında olublar. Dağ cığırları əsasında piyada marşrutlarının ilkin kəşfiyyatı, əlçatanlıqlarının, yol və yaxud cığır mövcudluqlarının araşdırılması aparılıb, həmin cığırlar üzrə yerləşdiriləcək istiqamətverici və məlumatverici nişanların siyahıları, yerləri, sayları və boya nişanlarının yerləri müəyyən edilib. Dağ cığırları əsasında piyada marşrutlarının topoqrafik göstəricilərinə əsaslanan xəritələrin hazırlanması, dəqiq xəritələşdirməni təmin etmək üçün GPS yazılarının hazırlanması, eyni zamanda vəhşi təbiətə, bitki örtüyünə və su ehtiyatlarına potensial təsirlər də daxil olmaqla cığırların yaradılmasının ətraf mühitə təsirlərinin qiymətləndirilməsi, hündürlük dəyişiklikləri, ərazi növləri və mövcud ola biləcək hər hansı maneə və ya təhlükələr daxil olmaqla cığırların çətinlik səviyyəsi haqqında məlumatların toplanılması işləri görülüb.
Layihələndirmə işləri yekunlaşdırıldıqdan sonra növbəti mərhələdə nişanların quraşdırılması üçün “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tenderin elan olunması və gələcək il ərzində dağ cığırlarının nişanlanması prosesinin başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, “Haykinq” şəhərdən kənar, təbiətdə uzun piyada gəzintilərə getmək fəaliyyətidir. Haykinq adı altında xüsusilə dağ yürüşləri çox populyardır. Haykinq üçün nəzərdə tutulmuş yollar bir çox hallarda əvvəlcədən məlum olur və bu yolları qısa müddət ərzində qət etmək mümkündür. Bir qayda olaraq haykinqin başlanğıc və bitmə nöqtələri çox dəqiq təyin olunduğu üçün haykerlər təhlükəsizlik məqsədi ilə əsas marşrutdan demək olar ki, çıxmırlar.
Azərbaycanda haykinq marşrutlarının inkişafı son illərdə artan diqqət və dövlət dəstəyi ilə daha da irəliləmişdir. Turizm sektorunun bir hissəsi olaraq dağçılıq və təbiət yürüşləri həm yerli, həm də xarici turistlər üçün maraqlı və cazibədar bir fəaliyyət sahəsinə çevrilib.
İnanırıq ki, tezliklə Naxçıvanda da haykinq populyar və inkişaf etmiş bir turizm növünə çevriləcək. Haykinq Naxçıvanda yeni turizm növünün inkişafına töhfə verərək həm yerli, həm də xarici turistlər üçün yeni imkanlar yaradacaq.