16 May 2024,
...

Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar olaraq “Naxçıvanın turizm könüllüləri” üçün Naxçıvan şəhərində yerləşən tarixi abidələrə və muzeylərə piyada turizm marşrutu təşkil edilmişdir

 

Naxçıvan Muxtar Respublikası Turizm Departamenti tərəfindən Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar “Naxçıvanın turizm könüllüləri” üçün Naxçıvan şəhərində yerləşən tarixi abidələrə və muzeylərə piyada turizm marşrutu təşkil edilmişdir. Qrafikə əsasən könüllülər ilk olaraq Heydər Əliyev Muzeyində olmuşlar. Burada könüllülərə muzeyin yaranma tarixi haqqında məlumat verilmiş, bildirilmişdir ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədrinin  1999-cu il fevralın  18-də  imzaladığı Sərəncamla yaradılıb və həmin ilin may ayının 10-da fəaliyyətə başlayıb. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev 1999-cu il oktyabr ayının 13-də muxtar respublikaya səfəri zamanı muzeyə gələrək buradakı ekspozisiya ilə tanış olub. Ulu Öndərin muzeyi ziyarəti zamanı çəkilmiş tarixi fotoları burada nümayiş etdirilir. Muzeydəki eksponatlar görkəmli dövlət xadiminin ictimai-siyasi fəaliyyətini, keçdiyi həyat yolunu özündə əks etdirən  kitab, qəzet və jurnallar, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı və Ali Məclisinin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlar, imzalanmış protokol və müqavilələr, məktub və teleqramlar, istifadə etdiyi xatirə əşyaları, Ulu Öndərin şərəfinə toxunmuş xalçalar, çəkilmiş portretlər, tarixi fotolar və sənədli filmlər haqqında könüllülərə məlumat verilmişdir.

 

Daha sonra “Naxçıvanın turizm könüllüləri” C.Məmmədquluzadə adına Naxçıvan MR Ədəbiyyat Muzeyində olmuşlar. Muzeyin bələdçisi ətraflı məlumat verərək bildirmişdir ki,  Muzey 1965-ci ildə yaradılmışdır. Muzey fondunda çoxəsrlik Azərbaycan Ədəbiyyatı tarixini əks etdirən qiymətli əlyazmalar, tətbiqi və təsviri sənət nümunələri, qədim və müasir kitablar, qəzet və jurnallar, xatirə əşyaları və digər muzey materialları mühafizə olunur. Ekspozisiyada klassik Azərbaycan ədəbiyyatının və müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinə, Naxçıvan torpağının yetirdiyi şair və yazıçıların, sənətşünasların yaradıcılığına geniş yer verilmişdir.

 

Cəmşid Naxçıvanski Muzeyində olan könüllülərə bildirilib ki, görkəmli hərbi xadim, Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri Cəmşid Naxçıvanski xalqımızın qürur mənbəyidir. Bu böyük vətən oğlunun generalın ata yurdunda onun ev muzeyinin yaradılması ümummilli liderimiz Heydər Əliyevin  təşəbbüsü ilə olub.  22 oktyabr 1982-ci ildə Naxçıvan şəhərində Cəmşid Naxçıvanskinin ev muzeyi açılıb. Muzeydə nümayiş etdirilən çoxsaylı eksponatlar, sərkərdənin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, nümayiş olunan orden və medallar, müxtəlif sənədlər, məktub və əlyazmalar, məqalələr və kitablar könüllülər tərəfindən maraqla qarşılanmışdır.

 

"Xan Sarayı" Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində olan könüllülərə muzey haqqında geniş məlumat verilmişdir. Bildirilmişdir ki, Xan Sarayı XVIII əsrin sonlarında tikilmişdir. Könüllülər burada nümayiş olunan arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi ilə tanış olmuşlar. Kompleksə daxil olan Möminə Xatın türbəsi və Açıq Səma Altında Muzey haqqında da geniş məlumat verilmişdir.

 

Sonda isə könüllülər Xatirə Muzeyini ziyarət ediblər. Muzeyin bələdçisi mədəniyyət müəssisəsinin yaranma tarixi və ekspozisiyası haqqında məlumat vermiş, bildirmişdir ki, muzey ermənilər tərəfindən törədilən soyqırımı qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsini əbədiləşdirmək məqsədilə 2000-ci ildə yaradılıb. Döyüşlərdə həlak olanların xatirəsinin əbədiləşdirildiyi muzeydə şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda, qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar mühafizə və nümayiş etdirilir. Həmçinin burada şəhidlik zirvəsinə ucalan Vətən oğullarının fotoşəkilləri, şəxsi əşyaları da nümayiş etdirilir. Sonda könüllüləri maraqlandıran suallar muzey bələdçiləri tərəfindən cavablandırılmışdır.