17 May 2024,
...

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir

29 mart 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində “Naxçıvanın turizm könüllüləri”nin iştirakı ilə  Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Departamentin Turizmin inkişafı və təbliği sektorunun baş məsləhətçisi Elşən Mehralıyev çıxış edərək bildirmişdir ki, 2024-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 ili tamam olmuşdur. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən 30 dekabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalanmışdır. Sərəncamda qeyd edilmişdir ki, “Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır. Naxçıvan şəhəri Azərbaycan Atabəyləri – Eldəgizlər dövlətinin paytaxtı olmuş, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapmışdır. Bünövrəsi Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbinin günümüzədək gəlib çatan yadigarları indi də Naxçıvanın görünüşünə xüsusi rəng qatır. Naxçıvan əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr vermişdir”

Vurğulanmışdır ki, Naxçıvanın davamlı inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Belə ki, görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə 17 noyabr 1990-cı ildə hələ sovet rejimi dağılmamışdan 11 ay qabaq Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından Sovet Sosialist sözlərinin çıxarılması böyük tarixi hadisədir. Eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin dönməz iradəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayrağın  Azərbaycanın dövlət rəmzi kimi qəbul edilməsi ölkəmizdə müstəqil dövlətçiliyə misilsiz tarixi xidmətin ifadəsidir.

Məruzəçi çıxış zamanı muxtar respublikanın 100 illiyi ilə bağlı məlumatları slayd vasitəsilə könüllülərin diqqətinə çatdırmış və ətraflı məlumat vermişdir.

Tədbirin sonunda könüllüləri maraqlandıran suallar cavablandırılmışdır.