16 Sentyabr 2024,
...

Naxçıvan iqtisadi rayonu üzrə turizm inkişaf planı turizm sənayesi nümayəndələri ilə müzakirə olunub

6 avqust 2024-cü il tarixdə Ordubad rayonunda "Naxçıvan Muxtar respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planının müvafiq bəndinə uyğun olaraq hazırlanmış Naxçıvan iqtisadi rayonu üzrə turizm inkişaf planının maraqlı tərəflərlə müzakirəsi aparılmışdır.

 

Tədbirdə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin, Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin, Azərbaycan Turizm Bürosunun, Birləşmiş Millətlərin İnkişaf Proqramının (UNDP) əməkdaşları və muxtar respublikanın turizm sənayesinin aparıcı nümayəndələri iştirak ediblər.

 

Tədbirdə giriş sözü ilə çıxış edən Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Süleyman Rüstəmov tədbir iştirakçılarına Dövlət Proqramının əhəmiyyətini vurğulamış, bütün sahələrin inkişafı ilə yanaşı, turizmin inkişafı da Dövlət Proqramının prioritetləri sırasında olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

 

Qeyd olunmuşdur ki, müvafiq bəndin icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə birgə kompleks iş aparmış, ayrı-ayrı vaxtlarda onlayn görüşlər və muxtar respublikaya səfərlər həyata keçirilmişdir.

 

Vurğulanmışdır ki, inkişaf planın hazırlanmasında istifadə edilməsi üçün muxtar respublikanın turizm destinasiyalarının qiymətləndirilməsi aparılmış, həmçinin, hotel və restoranlar üzrə "Təlim ehtiyacları sorğusu" keçirilmiş, nəticələri haqqında məlumatlar Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə təqdim edilmişdir. Bunlarla yanaşı qarşılıqlı fikir mübadiləsi əsasında muxtar respublika üzrə Şahbuz, Şərur-Kəngərli, Culfa-Ordubad rayonlarının və Naxçıvan şəhərinin müəyyən ərazilərini əhatə edən turizm klasterləri formalaşdırılmışdır.

 

Sonra İnkişaf Planı Azərbaycan Turizm Bürosunun əməkdaşı tərəfindən slayd vasitəsilə tədbir iştirakçılarına təqdim olunaraq şərh edilmişdir.

 

İnkişaf Planının təkmilləşdirilməsi, özəl sektor nümayəndələrinin maraqlarının təmin olunması, çatışmazlıqların aradan qaldırılması, çətinliklərin həll yolunun birgə müəyyən edilməsi, təkliflərin dinlənilməsi və digər məqsədləri özündə ehtiva edən   müzakirələr zamanı qarşılıqlı fikir mübadiləsi aparılmışdır.

 

Müzakirə olunan mövzu ətrafında Birləşmiş Millətlərin İnkişaf Proqramının layihə rəhbəri Fərid Əliyev, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin böyük məsləhətçi Kənan Salamzadə, Azərbaycan Turizm Bürosunun mütəxəssisi Simran Hacəliyev, Azərbaycan Turizm Bürosunun eksperti Donald Taylorun çıxışları dinlənilmişdir.

 

Naxçıvan iqtisadi rayonu üzrə turizm inkişaf planının maraqlı tərəflərlə müzakirəsi növbəti günlərdə müvafiq olaraq Şahbuz rayonunda və Naxçıvan şəhərində aparılacaqdır.