
Naxçıvan iqtisadi rayonu üzrə hazırlanmış turizm inkişaf planına daxil edilməsi nəzərdə tutulan layihələr müzakirə olunub
Dekabrın 5-6-da ardıcıl olaraq Ordubad və Naxçıvan şəhərlərində Workshop keçirilib.
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin, Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin, Azərbaycan Turizm Bürosunun, Birləşmiş Millətlərin İnkişaf Proqramının (UNDP) əməkdaşları, muxtar respublikanın dövlət qurumları, turizm sənayesinin aparıcı nümayəndələri və turizm könüllülərinin iştirakı ilə baş tutan tədbirlərdə əvvəlcə çıxışlar dinlənilib.
Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Süleyman Rüstəmov çıxış edərək qonaqlara müvafiq Dövlət Proqramının əhəmiyyətindən söhbət açıb. Vurğulanıb ki, Dövlət Proqramının müvafiq bəndinin icrasında əlaqədar təşkilatlar birgə iş aparıb, görüşlər keçirilib və muxtar respublikaya səfərlər təşkil edilib. İnkişaf planının hazırlanmasında istifadə edilməsi üçün muxtar respublikanın turizm destinasiyalarının qiymətləndirilməsi aparılıb, həmçinin otel və restoranlar üçün "Təlim ehtiyacları sorğusu" keçirilib və nəticələr haqqında məlumatlar Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinə təqdim edilib.
Azərbaycan Turizm Bürosunun Destinasiyaların inkişafı və turizm məhsulu departamentinin direktoru Heybət Vəliyev bildirib ki, Dövlət Proqramının icrası istiqamətində işlər davam edir. Ardıcıl olaraq regionlar üzrə turizmin inkişaf planları hazırlanıb. 6-cı inkişaf planı isə Naxçıvan üçün ərsəyə gətirilib. Cari ilin avqust ayında baş tutan görüş zamanı iştirakçılarla müzakirəli dialoqlar, fikir mübadilələri olduğunu xatırladan Heybət Vəliyev bugünkü workshopda da tərəflərin dolğun ideya və təkliflərinin onlar üçün əhəmiyyət kəsb edəcəyini bildirib.
Azərbaycan Turizm Bürosunun Destinasiya İdarəetmə Planları üzrə eksperti Don Taylor və Azərbaycan Turizm Bürosunun Destinasiyaların inkişafı sektorunun mütəxəssisi Simran Hacəliyev də ümumilikdə Destinasiya İdarəetmə Planının məqsədləri və Naxçıvan Muxtar Respublikası “Destinasiya İdarəetmə Planı”nın (DMP) əsas nəticələri barədə geniş məlumat veriblər. Bildirilib ki, sonuncu seminar zamanı regionda cari çətinliklər və turizmin inkişafı ilə bağlı müzakirələr olmuşdu. Daha sonra geniş təhlil və analizlər aparıldı. Bu gün bura toplaşmağımızın məqsədi də aparılan araşdırma və müşahidələrin yekununda hazırladığımız layihələri sizlərə təqdim etməkdir.
Mütəxəssislər DMP haqqında danışaraq onun hazırlanma prosesi və mahiyyəti barədə iştirakçılara məlumat veriblər. Bildirilib ki, layihələrin hazırlanma mərhələsinə qədər bir çox işlər görülüb. Komanda Naxçıvanda olub, birbaşa qonaqlama obyektləri, restoran və əyləncə məkanları ilə tanışlıq təşkil edərək, onlayn sorğular göndərərək diaqnostik və müqayisəli təhlillər edib, qiymətləndirmə aparılıb, ən əsas turizm məhsulları kateqoriyası müəyyənləşdirilib. Görülən bütün işlərin yekununda təqdim olunan layihələr ərsəyə gəlib.
Daha sonra iştirakçılara layihələr təqdim olunub. Hər iki gündə ümumilikdə seminar iştirakçılarına 100 layihə təqdim olunub. Yekunda qonaqlar həm layihənin perspektivliyini dəyərləndiriblər, həm də layihəyə dəstək məqsədli rəy, təklif və iradlarını dilə gətiriblər.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü il 5 iyun tarixində “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planının 8.5.1.1.1-ci bəndinin icrası istiqamətində işlər davam etdirilir. Vurğulayaq ki, Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti də bu məqsəd və prioritet istiqamətdə fəaliyyətini davam etdirir.