27 Iyul 2024,
...

“Mehmanxanalarda qidalanma xidmətinin təşkili və qida təhlükəsizliyinin təmin edilməsi” mövzusunda maarifləndirici görüş keçirilmişdir

 

23 may 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti və Naxçıvan Muxtar Respublikası  Qida Təhlükəsizliyi Agentliyinin birgə təşkilatçılığı ilə  “Mehmanxanalarda qidalanma xidmətinin təşkili və qida təhlükəsizliyinin təmin edilməsi” mövzusunda maarifləndirici görüş keçirilmişdir. Tədbirdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti və Naxçıvan Muxtar Respublikası  Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən yerləşmə vasitələrinin nümayəndələri, Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetinin “Turizm işinin təşkili” ixtisası üzrə təhsil alan IV kurs tələbələri və “Naxçıvanın turizm könüllüləri” iştirak etmişdir.

 

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Süleyman Rüstəmov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda bütün sahələrin inkişafı ilə yanaşı, turizmin inkişafı da prioritet sahələrdən biri kimi qeyd olunmuşdur. Məruzəçi tədbir iştirakçılarına Dövlət Proqramının əhəmiyyətini vurğulamış,  muxtar respublikanın turizm potensialı, ənənəvi və qeyri ənənəvi turizm növləri haqqında geniş məlumat vermişdir.

 

Qidalanmanın təşkili və turizm biznesində qidalanma müəssisələrinin rolunun əhəmiyyətini vurğulayan məruzəçi bildirmişdir ki, qastronomiya turizmi – turistlərin səyahət edilən ölkənin (yerin) ənənəvi və (və ya) innovativ kulinariya nümunələri və qida məhsulları, yerli qida istehsalçıları ilə tanışlığı, kulinariya festivallarında və digər oxşar tədbirlərdə iştirakı ilə müşayiət olunan turizm növüdür.

 

“Turizm haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərini tədbir iştirakçılarının diqqətinə çatdıran Süleyman Rüstəmov vurğulamışdır ki, adıçəkilən qanunda mehmanxana (hotel) – qəbul-qeydiyyat bölməsi olan, sanitar qovşağa malik otaqlarda yerləşmə, gündə azı bir dəfə qidalanma və digər əlavə xidmətlər göstərən, nömrə fondunun tutumu azı 11 (on bir) olan yerləşmə vasitəsidir. Həmçinin, qeyd edilmişdir ki, Qanunun müvafiq bəndində yerləşmə vasitələrində ictimai iaşə (qidalanma) xidmətləri göstərən obyektlər (subyektlər) “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qeydiyyata alınmalı və ya təsdiq edilməlidirlər.

 

Vurğulanmışdır ki, bir çox turistlər səfərə çıxmamışdan öncə gecələyəcəkləri mehmanxanalarda qidalanmaya nə qədər vəsait xərcləyəcəyini planlaşdırır və mehmanxana tərəfindən təklif olunan qidalanma növlərindən birini seçirlər. Hoteldə qidalanma yaşayışın dəyərinə təsir göstərən ən mühüm amillərdən biridir.  Çünki hotellər adətən gəlirlərinin çox hissəsini məhz qidalanma sahəsindən əldə edir. Belə ki, nömrə gəlirlərindən sonra ən çox gəlir gətirən sahələrdən biri qidalanma sahəsidir. Qidalanma və içki idarəetməsinin hoteldə xüsusi əhəmiyyəti vardır. Çıxışının sonunda məruzəçi bildirmişdir ki, qonaqlara qidalanma xidmətinin təşkilinin yekun nəticəsi məmnunluq səviyyəsi ilə ölçülür ki, bu da hotelin imicinin formalaşmasında əsas rol oynayır.

 

Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qida zəncirinə nəzarət şöbəsinin müdiri Orxan Orucov bildirmişdir ki, istehlakçı hüquqlarının qorunması və insanların təhlükəsiz qida ilə təmin olunması istiqamətində ictimai iaşə xidməti göstərən subyektlərin də üzərinə mühüm vəzifələr düşür. Bu sahədə fəaliyyətin təşkili və nəzarət müvafiq texniki normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada həyata keçirilir. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsinə əsasən qida məhsullarının istehlak olunduğu ictimai iaşə obyektləri qida təhlükəsizliyi sahəsində nəzərdə tutulmuş tələbləri yerinə yetirdikdən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən qeydiyyata alındıqdan və ya təsdiq edildikdən sonra qida məhsullarını istehlakçılara təqdim edə bilərlər. Məruzəçi bildirmişdir ki, qida obyektləri sanitariya-gigiyenik cəhətdən təmiz və texniki işlək vəziyyətdə saxlanılmalı, əllərin yuyulması üçün sahələr müvafiq qaydada yerləşdirilmiş və əlyuma çanaqları ilə təchiz olunmalı, isti və soyuq su, həmçinin gigiyena tələblərinə cavab verən qurutma vasitələri ilə təmin edilməlidir. Həmçinin, görüşdə qida obyektlərində sanitariya-gigiyenik normalar, istifadə olunan avadanlıqların saxlanılması qaydaları, istifadə olunan qida məhsullarının saxlanma şəraiti, qida tullantılarının idarə olunması, qida zəncirinin bu halqasında işləyən şəxslərə olan tələblər haqqında məlumat verilmişdir. Eyni zamanda, qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların pozulmasına görə yaranmış məsuliyyətin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələnmə prosesləri iştirakçıların diqqətinə çatdırılmışdır.

 

Sonra Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qeydiyyat və idxal-ixraca nəzarət sektorunun müdiri Habil Neymətov hotellərdə fəaliyyət göstərən qidalanma müəssisələrinin qida təhlükəsizliyi qeydiyyatından keçmələri və müvafiq çıxarışın əldə olunması qaydaları haqqında məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.  

 

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.