20 May 2024,
...

Kənd turizminin inkişafı məqsədilə maarifləndirici görüş keçirilmişdir.

7 iyun 2023-cü il tarixdə Ordubad rayonunun Biləv kəndində kənd turizminin inkişafı məqsədilə Ordubad rayon Biləv kənd sakinləri ilə görüş keçirilmişdir. Tədbirdə çıxış edən Ordubad rayon İcra Hakimiyyəti başçısının Biləv kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İqbal Hüseynov bildirmişdir ki, çox geniş yayılmış kənd turizmi üçün muxtar respublikanın bütün kəndlərində müasir tələblərə cavab verən yüksək şərait vardır. Tarixinin qədimliyi, təbiətinin rəngarəngliyi, mətbəxinin zənginliyi və insanlarının qonaqpərvərliyi kimi müsbət keyfiyyətləri bu kəndlərdə kənd yaşıl turizminin geniş inkişaf imkanlarından xəbər verir. Əhalinin həyat səviyyəsinin və məşğulluğunun yüksəldilməsi nəticəsində komfortlu həyat tərzinə keçid də sürətlənir ki, bu da xüsusən isti yay günlərində öz tətilini səfalı dağ kəndlərində keçirmək istəyənlərin sayını artırır.
Daha sonra Naxçıvan Turizm İnformasiya Mərkəzinin direktoru Saleh Quluyev çıxış edərək bildirmişdir ki, muxtar respublikada dövlət səviyyəsində turizm sahəsinə göstərilən diqqət və qayğı bu sahənin inkişafına əsaslı təsir etmişdir.

Bu gün muxtar respublikanın ən ucqar dağ kəndlərinə belə, rahat asfalt yollar salınmış, su xətləri çəkilmiş, müasir infrastruktur obyektləri tikilmiş, fasiləsiz təbii qaz, elektrik enerjisi, rabitə xidməti və sürətli internet şəbəkəsi istifadəyə verilmişdir.

Muxtar respublikada bərəkətli torpaq, saf su, təmiz hava, zəngin dərman bitkiləri, bol günəşin mövcudluğu burada ekoloji turizmin inkişafı üçün geniş imkanlar yaradır. Qədim diyarın Biçənək, Kükü, Ağbulaq, Nursu, Keçili, Xanəgah, Dırnıs, Anaqut, Nəsirvaz, Bist, Tivi, Şahbulaq, Gümüşlü, Ərəfsə və başqa yaşayış məntəqələri kənd yaşıl turizminin inkişafı üçün səciyyəvi xüsusiyyətlərə malikdir. Məruzəçi bildirmişdir ki, şəhərin səs-küyündən uzaq, fərqli mühitdə dincəlmək istəyənlər adətən kənd turizminə üstünlük verirlər.

Məruzəçi kənd sakinlərinin diqqətinə çatdırmışdır ki, kəndlərdə kirayə verilən evlərin siyahısı və fotoları Naxçıvan Turizm İnformasiya Mərkəzinin İnternet saytında “Hostelər və kirayə verilən evlər” bölməsində yerləşdirilir. Həmçinin bu bölmədə kirayə verilən obyektin tipi, yerləşdiyi rayon və kənd, sahibkarın əlaqə nömrələri, obyekt haqqında ətraflı məlumat və digər qeydlər yer alır. Bütün bu məlumatların yerləşdirilməsi nəticəsində, internet üzərində  axtarış edən qonaqlar tərəfindən, kənd evlərinin sahibləri ilə birbaşa əlaqə yaratması imkanı yaranır. Naxçıvan Turizm İnformasiya Mərkəzinin İnternet saytı kəndə gələn qonaqlarla, kənd evlərinin sahibləri arasında bir növ vasitəçi rolunu oynayır.

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Turizmin İnkişafı və Təbliği sektorunun baş məsləhətçisi Elşən Mehralıyev çıxış edərək bildirmişdir ki, son illər bütün dünyada olduğu kimi muxtar respublikda da kənd turizmi geniş vüsət alıb. Getdikcə daha çox insan öz istirahətini fərqli formada keçirməyə üstünlük verir, kurortlar, böyük şəhərlər,  mehmanxanalar əvəzinə kənd və kənd evlərində dincəlməyi üstün tutur. Bununla yanaşı şəhərlərin ekoloji problemləri, hava çirkliliyi, sənaye üsulu ilə hazırlanan ərzaqlarla qidalanma insanlarda öz təbiiliyini, təmizliyini qoruyan kənd yerlərinə ehtiyacı artırır.

Məruzəçi qeyd etmişdir ki, dövlət tərəfindən kənd turizminin inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, son dövrlər muxtar respublikada müxtəlif istirahət mərkəzləri istifadəyə verilir. Ötən ilin may ayında açılış mərasimi keçirilən Ordubad rayonunun Anaqut kəndində “Xan Çinar” istirahət mərkəzi və Culfa rayonunun Ləkətağ kənd sakininin kənddə Əlincə çayının keçdiyi ərazidə – çay sahilində yaratdığı kiçik bir istirahət kompleksində yerli və əcnəbi turistlərə müxtəlif xidmətlər göstərilir.

Bütün dünyada olduğu kimi, muxtar respublikada da kənd evlərində qonaqlama xidmətinə böyük maraq və tələbat müşahidə olunur. Bunu nəzərə alaraq evini turistlərə kirayə vermək istəyən şəxslər Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinə və ya aidiyyəti kənd icra nümayəndəliyinə müraciət edə bilərlər.

Tədbirin sonunda kənd sakinlərini maraqlandıran suallar cavablandırılmış və  tədbir iştirakçılarına muxtar respublikanın turizm potensialını özündə əks etdirən bukletlər təqdim olunmuşdur.