16 Sentyabr 2024,
...

Kənd turizminin inkişafı məqsədilə kənd sakinləri ilə görüş keçirilmişdir

23 avqust 2024-cü il tarixdə Şahbuz rayonunun Kükü kəndində kənd turizminin inkişafı məqsədilə kənd sakinləri ilə görüş keçirilmişdir. Tədbirdə giriş sözü ilə çıxış edən Şahbuz rayon İcra Hakimiyyətinin əməkdaşı Nubar Səfərova bildirmişdir ki, kənd turizmi bölgələrdə məşğulluğun təmini, əhalinin sosial rifahının yaxşılaşdırılması və kənd yerlərinin inkişafının təmin edilməsi vasitəsi kimi önə çıxmaqdadır. Hazırda turizmin bu növü bölgələrin təbii ehtiyatlarına və yerli əhalinin həyat tərzinə uyğun olaraq formalaşmış, kəndin inkişafının davamlılığına töhfə verən bir sektor halına gəlmişdir. Muxtar respublikamız üçün kənd yerlərində alternativ fəaliyyət sahələrinin inkişafı və məşğulluğun təmini baxımından kənd turizmi mühüm əhəmiyyətə malikdir. Vurğulanmışdır ki, kənd turizmində qonaqlama, kiçik ailəvi istirahət mərkəzləri yeni bir iş yeri deməkdir. Xüsusilə kənd qadınlarının iş həyatında aktiv rola sahib olmalarında, gəlir mənbələrinin formalaşmasında, sosial statusa və iqtisadi müstəqilliyə malik olmalarında kənd turizmi mühim vasitələrdən biridir. Qeyd edilmişdir ki, son illər regionların sosial-iqtisadi inkişafı istiqamətində ciddi işlər görülmüş və bu da öz növbəsində kənd turizminin inkişafı üçün stimul olmuşdur. 

 

Daha sonra Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Süleyman Rüstəmov çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda bütün sahələrin inkişafı ilə yanaşı, turizmin inkişafı da prioritet sahələrdən biri kimi qeyd olunmuşdur. Məruzəçi tədbir iştirakçılarına Dövlət Proqramının əhəmiyyətini vurğulamış, muxtar respublikanın turizm potensialı haqqında geniş məlumat vermişdir. Bildirmişdir ki, turizm iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindən biri sayılır. Azərbaycanda da bu sahənin inkişafına ciddi diqqət göstərilməkdədir. Azərbaycanın, o cümlədən dünyanın ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən biri olan Naxçıvanda turizmin inkişafı muxtar respublika iqtisadiyyatının prioritet sahələrindən biri hesab edilir. Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, təbii bulaqları, mineral və müalicəvi suları, qədim tarixə malik tarix-memarlıq və mədəniyyət abidələri turizmin inkişafı üçün əlverişli şərait yaradır. 

 

Məruzəçi qeyd etmişdir ki, bərəkətli torpaq, saf su, təmiz hava, zəngin dərman bitkiləri, bol günəş – bütün bunlar Naxçıvanda ekoloji turizmin inkişafı üçün geniş imkanlar açır. 

 

Qədim diyarın kənd turizm potensiallı yaşayış məntəqələri kənd turizminin inkişafı üçün səciyyəvi xüsusiyyətlərə malikdirlər. Şəhərin səs-küyündən uzaq, fərqli mühitdə dincəlmək istəyənlər adətən kənd turizminə üstünlük verirlər. Turizmin bu növü getdikcə populyarlığını artırmaqdadır. Dağların qoynunda, füsunkar təbiət mənzərələri ilə zəngin, sadə, kiçik bir kənd evində yaşamaq 5 ulduzlu hotellərdə qalmaq arzusunu bəzən üstələyir. 

 

Məruzəçi   kənd evi, kənd evində qonaqlama xidmətinin təşkili, kənd evində qonaqlama xidməti üçün tələblər, qonaqların qarşılanması və yola salınması, qonaqların məmnunluğunun təmin edilməsi, qidalanmanın təşkili, ev sahibləri tərəfindən turistlərə göstərilən əlavə xidmətlər və digər mövzular haqqında tədbir iştirakçılarını məlumatlandırmışdır. 

 

Tədbirin sonunda kənd sakinlərini maraqlandıran suallar cavablandırılmış, tədbir iştirakçılarına kənd turizmi haqqında məlumatları özündə əks etdirən bukletlər təqdim olunmuşdur.