24 Iyun 2025, 14:46
...

İstehsalat təcrübəsinin yekun konfransı keçirilmişdir

23 may 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində  “Naxçıvan Dövlət Universitetinin “Turizm işinin təşkili” ixtisası üzrə təhsil alan IV kurs tələbələri üçün təşkil olunan istehsalat təcrübəsinin yekun konfransı keçirilmişdir. Konfransı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov bildirmişdir ki, istehsalat təcrübəsi ixtisas üzrə təhsil alanların bilik, bacarıq və vərdişlərini möhkəmləndirən, təkmilləşdirən praktik fəaliyyət prosesidir. İstehsalat təcrübəsinin əsas məqsədi qazanılmış biliklərin təkrarlanması və təkmilləşdirilməsi, habelə onların istehsalatda tətbiq edilməsidir. Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən adıçəkilən ixtisas üzrə təhsil alan tələbələrin iştirakı ilə mütəmadi olaraq müxtəlif formatlı tədbirlər keçirilir, tələbələrin tarix və mədəniyyət abidələrinə, muzeylərə ekskursiyaları təşkil olunur, tədris qrafikinə uyğun olaraq tələbələrin mehmanxana və mehmanxana tipli obyektlərdə, muzeylərdə, turizm şirkətlərində istehsalat təcrübəsi keçmələri təşkil edilir. Bütün bunlar tələbələrin peşə hazırlığının yüksəldilməsi və gələcəyin təcrübəli turizmçisi kimi formalaşmasına güclü stimul yaradır.

 

Sonda direktor vurğulamışdır ki, muxtar respublikada turizmin davamlı inkişafı üçün peşəkar kadrlara böyük ehtiyac var və bu ehtiyacın ödənilməsində Naxçıvan Dövlət Universitetində təhsil alan gənclərin üzərinə mühüm vəzifələr düşür. Turizm Departamenti olaraq bu sahədə təhsil alan tələbələrin peşəkar inkişafına hər zaman dəstək verdiklərini diqqətə çatdırmışdır.

 

 

Sonra təcrübə rəhbəri - “Naxçıvan Dövlət Universiteti”nin müəllimi Adilə Əhmədova çıxış edərək bildirmişdir ki,  keçirilən istehsalat təcrübəsi tələbələrin tədris prosesində əldə etdikləri nəzəri bilikləri real iş prosesində tətbiq etməsinə imkan verir, onların peşə hazırlığının yüksəldilməsinə, praktiki biliklərinin artırılmasına öz müsbət təsirini göstərir. Təcrübə rəhbəri istehsalat təcrübəsinin yüksək səviyyədə keçirilməsi üçün yaradılan şəraitə görə minnətdarlığını bildirmişdir.

 

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Süleyman Rüstəmov çıxış edərək tədbir iştirakçılarına istehsalat təcrübəsinin gedişi haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, 17 fevral 2025-ci il tarixdən Naxçıvan Dövlət Universitetinin “Turizm işinin təşkili” ixtisası üzrə təhsil alan IV kurs tələbələri üçün istehsalat təcrübəsinin təşkili çərçivəsində Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində, muzeylərdə, mehmanxanalarda, eləcə də muxtar respublikada fəaliyyət göstərən “Naxçıvan Travel” MMC və “Qafqaz Turizm” MMC-də turoperatorluq fəaliyyəti ilə tanışlıq təşkil olunmuşdur. Ümumilikdə təcrübədə 46 tələbə iştirak etmişdir. Onlar təcrübə zamanı Departamentin müxtəlif struktur bölmələrində mövcud iş prosesi ilə tanış olmuş və müəyyən iş bacarıqlarına sahiblənmiş, təhsil aldıqları ixtisas üzrə təcrübə toplayan tələbələr, gələcək iş həyatlarında mühüm sayılan vərdişlər əldə etmişlər.

 

Qeyd olunmuşdur ki, təcrübə zamanı departamentin məsul əməkdaşları tələbələrə həm nəzəri, həm də praktiki dərslər keçmişdir. Mütəxəssislər tərəfindən  turizmin sahəsinin mahiyyəti, əsas prinsipləri, fəaliyyəti, genişmiqyaslı layihələrin həyata keçirilməsi sahəsində görülən işlər barədə məlumatlar verilmişdir. Çıxışın sonunda məruzəçi istehsalat təcrübəsini uğurla başa vuran tələbələri təbrik etmiş, hər birinə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

 

Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.