16 May 2024,
...

İstehsalat təcrübəsi ilə bağlı tədbir keçirilmişdir

19 fevral 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində Naxçıvan Dövlət Universitetində və “Naxçıvan” Universitetində “Turizm işinin təşkili” ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin 19 fevral 2024-cü il tarixdən 24 may  2024-cü il tarixədək keçəcəkləri istehsalat təcrübəsi ilə bağlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Departamentin direktoru Əkbər Novruzov bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 5 iyun   2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda turizmin inkişafı prioritet istiqamətlərdən biri kimi öz əksini tapmışdır. Dövlət Proqramının qəbul olunması yüksək keyfiyyətli və rəqabətə davamlı turizm xidmətlərinin təmin edilməsinə, turizm potensialından tam istifadə olunmasına yeni imkanlar yaratmaqla muxtar respublikada turizmin inkişafında yeni bir mərhələnin əsasını qoymuşdur. 

Məruzəçi qeyd etmişdir ki, ali məktəb tələbələrinin tədris prosesinin vacib istiqamətlərindən biri istehsalat təcrübəsidir. Bu təcrübələrin əsas məqsədi tələbələrin ilboyu auditoriyalarda əldə etdiyi nəzəri biliklərin təcrübə ilə vəhdətdə daha dərindən öyrənilməsi, onların peşəkar kadr kimi yetişməsindən ibarətdir. Qeyd olunmuşdur ki, turizm sahəsində kadr yetişdirmək, gələcəkdə onların bəhrəsini görmək üçün dövlətimiz tərəfindən lazımi işlər görülməkdədir. Muxtar respublikamızın zəngin turizm ehtiyatları əsasında güclü turizm sənayesi yaratmaq qarşıya qoyulmuş mühüm vəzifələrdən biridir. Odur ki, yurdumuzun hər guşəsində turistləri özünə cəlb edən zənginliklərdən bacarıqla istifadə edə biləcək kadrların və kadr hazırlığı müəssisələrinin üzərinə böyük vəzifələr düşür. Vurğulanmışdır ki, Departamentin əməkdaşları tərəfindən mütəmadi olaraq tələbələrlə görüşlər, müxtəlif mövzularda seminar və konfranslar keçirilir, onların daim ekskursiyalarda iştirakı təşkil olunur.

Direktor təcrübədə tələbələrin praktiki bacarıqlarının inkişafına və ixtisaslı bir turizm işçisi kimi formalaşmalarına xüsusi diqqət yetiriləcəyini, təcrübə prosesində tələbələrin fəallıq göstərməsinin vacibliyini vurğulayaraq onlara uğurlar arzulamışdır.

Sonra “Naxçıvan” Universitetinin İqtisadiyyat fakultəsinin dekanı Ceyhun Mahmudov çıxış edərək ilk növbədə tələbələrə 14 həftə davam edəcək təcrübə müddətində  intizamlı, işə münasibətdə məsuliyyətli olmaları üçün onlara öz tövsiyyələrini vermişdir. Məruzəçi çıxışında təcrübənin sonunda tələbələrin qiymətləndirilmə meyarları haqqında tədbir iştirakçılarını məlumatlandırmışdır.         

Sonra Naxçıvan Dövlət Universitetinin müəllimi, təcrübə rəhbəri Nigar Bababəyli çıxış edərək bildirmişdir ki, istehsalat təcrübəsinin əsas məqsədi ali təhsil müəssisələrində nəzəri təlim illərində qazanılmış biliklərin genişləndirilməsi, sistemləşdirilməsi, təkrarlanması, peşə bacarıqlarının əldə edilməsi, təkmilləşdirilməsi və onların istehsalatda tətbiq edilməsidir. İstehsalat təcrübəsi çağdaş pedaqoji prosesdə biliklərin əldə edilməsinin vacib və ayrılmaz forması olmaqla yanaşı bütün ixtisaslar üzrə tələbələrin tədris planının vacib bir hissəsidir. Bu dövrdə tələbə gələcəkdə rastlaşacağı peşə mühitinə daxil olur.

Daha sonra Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Süleyman Rüstəmov çıxış edərək istehsalat təcrübəsinin proqramı haqqında tələbələrə məlumat vermişdir. Qeyd olunmuşdur ki, təcrübə müddətində tələbələrin Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin, eləcədə Naxçıvan şəhərində yerləşən muzeylərin, həmçinin muxtar respublikada fəaliyyət göstərən mehmanxanaların və turoperatorların fəaliyyəti ilə tanışlığı təmin ediləcəkdir.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.