18 Oktyabr 2024,
...

Euronews televiziyası Naxçıvanla bağlı videoçarx hazırlayır

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti muxtar respublikanın turizm potensialının təbliği istiqamətindəki tədbirləri davamlı olaraq həyata keçirir. Bələ ki, Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin dəstəyi ilə muxtar respublikanın turizm potensialı haqqında çəkilişlər aparmaq məqsədilə 10-11 iyul 2024-cü il tarixlərdə Euronews telekanalının çəkiliş qrupu Naxçıvana səfər etmişdir. Çəkilişin məqsədi Euronews telekanalının tamaşaçılarını muxtar respublikanın tarixi-mədəni irsinin zənginliyi və təbiətinin gözəlliyi ilə tanış etməkdir.

 

Naxçıvan Azərbaycanın qədim və zəngin tarixi olan bir bölgəsidir. Burada yerləşən tarixi abidələr, təbiət gözəllikləri, unikal turistik obyektlər və dadlı mətbəxi regiona turist cəlb etmək üçün muxtar respublikanın turizm potensialıdır. Euronews kanalının çəkiliş qrupu 10 iyul 2024-cü il tarixdə Naxçıvanın qədim tarixini və mədəniyyətini özündə yaşadan - Nuh Peyğəmbərin məzarüstü türbəsi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, həmçinin, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi kimi məşhur tarixi abidələrdə çəkilişlər aparmışdır. Bələdçilər tərəfindən çəkiliş qurupuna bu qədim diyarın tarixi, mədəniyyəti və turizm imkanları barədə ətraflı məlumatlar verilmişdir.

 

Bildiyimiz kimi Azərbaycan ecazkar və dadlı mətbəxə malik olan ölkədir. Respublikamızın hər bir bölgəsinə xas olan yüksək mətbəx mədəniyyəti bunun bariz nümunəsidir. Bu baxımdan Naxçıvan Muxtar Respublikası da özünəməxsus mətbəxi ilə fərqlənir. Xalqımıza məxsus milli mətbəx nümunələrinin hazırlanma qaydaları öz orjinallığını saxlamaqla xalqımızın yaddaşında mühafizə olunaraq, yaddaşdan-yaddaşa ötürülərək bu günümüzə gəlib çatmışdır.

 

11 iyul 2024-cü il tarixdə Euronews telekanalının çəkiliş  qrupu Naxçıvanın qastroturizm imkanlarını tanıtmaq, zəngin mətbəx mədəniyyətini beynəlxalq auditoriyaya təqdim etmək məqsədilə Ordubad rayonunda “Arzuman küftəsi”nin hazırlanma prosesini çəkmişdir. Bu isə Naxçıvanın qastroturizm imkanlarını və mətbəx mədəniyyətini dünya miqyasında geniş auditoriyaya təqdim etməklə muxtar respublikanın qastroturizm imkanlarının təbliğinə öz töhvəsini verəcəkdir.

 

Naxçıvanın turizm potensialı haqqında Euronews telekanalının hazırladığı bu reportaj, regionun turizm imkanlarını geniş kütləyə çatdırmaqla turistlərin diqqətini qədim diyarımıza cəlb edəcək, Naxçıvanın beynəlxalq turizm bazarında tanınmasına və regiona daha çox turistin cəlbinə şərait yaradacaqdır.