22 Oktyabr 2024,
...

Dövlət Proqramının icrası istiqamətində işlər davam etdirilir

Azərbaycan Respublikası regionlarının, o cümlədən Naxçıvan Muxtar Respublikasının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu strategiyanın həyata keçirilməsində, o cümlədən bölgələrin inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il    5 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda bütün sahələrin inkişafı ilə yanaşı turizmin inkişafı da prioritet sahələrdən biri kimi qeyd olunmuşdur. Dövlət Proqramında muxtar respublikanın turizm potensialından istifadə etməklə  regionun rəqabətqabiliyyətli turizm məkanına çevrilməsi məqsədilə bu sahənin inkişafına yönəlmiş görüləcək bir sıra tədbirlər öz əksini tapmışdır. Proqramda turizm və rekreasiya zonalarının yaradılması, sağlamlıq turizminin imkanlarının genişləndirilməsi, qış və kənd turizminin, ekoturizmin inkişaf etdirilməsi qarşıya məqsəd qoyulmuşdur. Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində də muxtar respublikanın duz yataqları, mineral suları, tarixi və dini abidələrindən, ekoturizm üçün təbii əlverişli şəraitindən, bir sözlə turizm potensialından yararlanmaqla, regionun rəqabətqabiliyyətli turizm məkanına çevrilməsi məqsədilə bu sahənin inkişafına yönəlmiş müxtəlif tədbirlər həyata keçirilir.

 

Dövlət Proqramının icrasının yüksək səviyyədə həyata keçirilməsi ilə əlaqədar olaraq 20 sentyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin əməkdaşları dağ cığırları əsasında piyada marşrutlarının müəyyən edilərək turizmin dəyər zəncirinə qazandırılması, məhsulun aktiv turizm fəaliyyəti ilə məşğul olmaq istəyən turistlərə təklif edilməsi, ucqar kəndlərdə yaşayan əhalinin turizmə cəlb olunması və turizm fəaliyyətində birbaşa iştirakının təmin edilməsi məqsədilə Ordubad rayonunun Pəzməri kəndində olmuşlar.

 

Pəzməri kəndi kiçik yaşayış məntəqəsi olsa da, özünün əzəmətli dağları, gözoxşayan şəlalələri və digər təbii zənginlikləri ilə fərqlənir. Pəzməri kəndinin yüksək dağlıq ərazisində hündürlüyünə və su sərfinə görə bir-birindən fərqlənən bir neçə şəlalə vardır. Pəzməri şəlalələrinin ən böyüyü təxminən 20 metr hündürlükdən tökülür və muxtar respublikanın ən böyük şəlalələri siyahısında yer alır.

 

Departament əməkdaşlarının səfəri zamanı ərazidə Pəzməri kəndindən Pəzməri şəlalələri istiqamətlərində dağ cığırlarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi işi aparılmışdır.  Aparılan qiymətləndirmə zamanı dağ cığırları ilə hərəkət edərək 8,28 km uzunluğunda piyada marşrutu müəyyənləşdirilmiş və yüksək dağlıq ərazidə əvvəllər kütləvi şəkildə ziyarət edilməyən ikinci böyük şəlalə marşruta daxil edilmişdir. Ərazinin GPS koordinatları qeydə alınaraq dünyada təbiət yürüşü həvəskarları arasında məşhur olan “Wikiloc” platformasında yerləşdirilmişdir. Qeyd etmək lazımdır ki, müəyyən olunmuş marşrut boyunca bölgəyə xas fauna və flora növlərinin müşahidəsi də mümkündür. Muxtar respublika ərazisində dağ cığırları əsasında piyada marşrutlarının müəyyən edilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcəkdir.