18 Oktyabr 2024,
...

Dövlət Proqramının icrası istiqamətində işlər davam etdirilir

Azərbaycan Respublikası regionlarının, o cümlədən Naxçıvan Muxtar Respublikasının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu strategiyanın həyata keçirilməsində, o cümlədən bölgələrin inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda bütün sahələrin inkişafı ilə yanaşı turizmin inkişafı da prioritet sahələrdən biri kimi qeyd olunmuşdur. Dövlət Proqramında muxtar respublikanın turizm potensialından istifadə etməklə  regionun rəqabətqabiliyyətli turizm məkanına çevrilməsi məqsədilə bu sahənin inkişafına yönəlmiş görüləcək bir sıra tədbirlər öz əksini tapmışdır.

          Dövlət Proqramının icrasının yüksək səviyyədə həyata keçirilməsi ilə əlaqədar olaraq ötən həftə ərzində muxtar respublikada bir sıra görüşlərin keçirilməsi,  turizm rekreasiya zonaları üçün turizm potensiallı ərazilərə baxış keçirilməsi və Naxçıvan Muxtar Respublikasının turizm resurslarının qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Sədr müavini Azadə Hüseynovanın rəhbərliyi ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun rəhbər heyəti və işçi qrupu muxtar respublikaya səfər etmişdir. Əməkdaşlar ilk öncə  Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Ümummilli Liderin əziz xatriəsini dərin ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub.

Səfər müddətində Dövlət Proqramının icrası məqsədilə işçi qrupu tərtib olunmuş qrafikə əsasən Şahbuz rayonunun Batabat yaylağına, Kükü kəndinə, Gurbulaq şəlaləsinə, Ağbulaq İstirahət Mərkəzinə, Ordubad rayonunun Nüsnüs, Biləv, Parağa, Ağdərə, Tivi, Bist, Nəsirvaz kəndlərinə, Parağaçay qəsəbəsinə, Pəzməri şəlaləsinə, Gəmiqayaya, Akademik H.Əliyev adına Zəngəzur Milli Parkının ərazisinə, eyni zamanda Ordubad şəhərində yerləşən tarixi-memarlıq abidələrinə, Şərur rayonunun Şahbulaq kəndinə, Arpaçay su anbarı ətrafına, Kəngərli rayonunda yerləşən Qarabağlar Türbə Kompleksinə, Culfa rayonunun Ərəfsə, Ləkətağ, Boyəhməd kəndləri istiqamətində yerləşən turizm resurslarına yerində baxış keçirmişdir.

Naxçıvan iqtisadi rayonu üzrə turizmin inkişaf planının hazırlanması, turizm və rekreasiya zonalarının yaradılması, müxtəlif turizm növlərinin inkişafına dair layihələrin və turizm atlasının hazırlanması, muxtar respublikanın turizm üçün əlverişli yaşayış məntəqələrinin qiymətləndirilməsi, xarici və yerli media nümayəndələrinin səfərinin təşkili və Dövlət Proqramında nəzərdə tutulan digər məsələlərlə bağlı işçi qrupu arasında müzakirələr aparılmışdır.