27 Iyul 2024,
...

Dövlət proqramının icrası istiqamətində işlər davam etdirilir

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalamışdır. Muxtar respublikanın hərtərəfli inkişafını nəzərdə tutan yeni proqramın icrası mühüm əhəmiyyətə malikdir. Mövcud potensialdan daha səmərəli istifadə etməklə muxtar respublikada sosial-iqtisadi inkişafın sürətləndirilməsi və davamlılığının təmin edilməsi zəruridir. Bu isə, mütəmadi olaraq, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə əlaqədar kompleks proqramların hazırlanaraq icra olunmasını nəzərdə tutur. Qəbul olunmuş Dövlət Proqramında muxtar respublikada turizmin inkişafı prioritet istiqamətlərdən biri olaraq qəbul edilmişdir. Proqramda turizm və rekreasiya zonalarının yaradılması, sağlamlıq turizminin imkanlarının genişləndirilməsi, qış və kənd turizminin, ekoturizmin inkişaf etdirilməsi qarşıya məqsəd qoyulmuşdur. Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində də muxtar respublikanın duz yataqları, mineral suları, tarixi və dini abidələrindən, ekoturizm üçün təbii əlverişli şəraitindən, bir sözlə turizm potensialından yararlanmaqla, regionun rəqabətqabiliyyətli turizm məkanına çevrilməsi məqsədilə bu sahənin inkişafına yönəlmiş müxtəlif tədbirlər həyata keçirilir. Belə ki, 12 sentyabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin əməkdaşları dağ cığırları əsasında piyada turizm marşrutlarının müəyyən edilərək turizmin dəyər zəncirinə qazandırılması, məhsulun aktiv turizm fəaliyyəti ilə məşğul olmaq istəyən turistlərə təklif edilməsi, ucqar kəndlərdə yaşayan əhalinin turizmə cəlb olunması və turizm fəaliyyətində birbaşa iştirakının təmin edilməsi məqsədilə Şahbuz rayonunun Batabat yaylasında olmuşlar. Ərazidə Batabat, Ördəkli gölü – Batabat, Zorbulaq gölü, Batabat, Zorbulaq gölü - Fərhad evi, Biçənək kəndi - Fərhad evi (Qədim karvan yolu) istiqamətlərində dağ cığırlarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi aparılmışdır.

Müəyyənləşdirilmiş dağ cığırları marşrutlarının izləri GPS-lə qeydə alınaraq dünyada təbiət yürüşləri həvəskarları arasında məşhur olan “Wikiloc” platformasında yerləşdirilmişdir.