27 Iyul 2024,
...

Cənab İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir

15 oktyabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində muxtar respublikada fəaliyyət göstərən turizm sektoru nümayəndələri və turizm könüllülərinin iştirakı ilə Cənab İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Departamentin direktoru Əkbər Novruzov bildirmişdir ki, ölkəmiz XXI əsrə bütün istiqamətlərdə sürətli inkişaf tempi ilə qədəm qoymuşdur. Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı sağlam və möhkəm təməl üzərində Prezident İlham Əliyevin inşa etdiyi güclü və müasir Azərbaycan bir çox taleyüklü problemləri geridə qoyaraq, gələcəyə doğru inamla addımlayan ölkələr sırasında öz layiqli yerini tutub. 20 il bundan əvvəl Azərbaycan Respublikası Prezidentinin andiçmə mərasimində “Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyondan artıq qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir, Azərbaycan heç vaxt torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır” söyləyən cənab Prezident ali siyasi rəhbər funksiyalarının icrasına başladığı ilk gündən Azərbaycanı və Azərbaycan xalqını bəyan edilmiş bu hədəfə doğru inamla aparmışdır. Məruzəçi qeyd etmişdir ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi Azərbaycan cəmiyyətinin ən ağrılı yarası olan münaqişəni geridə qoydu, Prezident İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi hər bir azərbaycanlıya qələbə sevincini bəxş etdi. Artıq Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş bir dövlətdir. 2023-cü ilin sentyabrında cəmi 23 saat 51 dəqiqə ərzində terrorçuları ağ bayraq qaldıraraq təslim olmağa, oyuncaq kriminal hərbi xunta rejimini özünü buraxmağa vadar etmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Vurğulanmışdır ki, son 20 il ərzində Azərbaycanda iqtisadiyyat, hərbi quruculuq, elm, təhsil, mədəniyyət və digər sahələrdə olduğu kimi turizm sahəsində də ciddi irəliləyişə nail olunub. “Azərbaycan zəngin ölkədir, turizmin inkişafı üçün gözəl yerlər var və biz bu imkanlardan istifadə etməliyik”, – deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev turizmin inkişafını ölkə iqtisadiyyatının vacib sahələrindən biri kimi daim diqqət mərkəzində saxlayır. Son illər ölkəmizin turizm potensialının beynəlxalq aləmdə tanıdılması istiqamətində, habelə turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Ölkə başçısının imzaladığı sərəncamlar, qəbul edilən dövlət proqramlarının uğurlu icrası Azərbaycanı dünyada turizm ölkəsinə çevirmişdir. 2011-ci ilin “Turizm ili” elan edilməsi isə respublikamızda bu sahənin inkişafına göstərilən diqqətin daha bir ifadəsi olmuşdur. Artıq Azərbaycanın bütün bölgələrində yeni turizm obyektləri, yay-qış turizm kompleksləri, mehmanxanalar inşa olunmuş, mədəni­-tarixi qoruqlar yaradılmışdır.     

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda bütün sahələrin inkişafı ilə yanaşı turizmin inkişafı da prioritet sahələrdən biri kimi qeyd olunmuşdur. Naxçıvan Muxtar Respublikasının duz yataqları, mineral suları, tarixi və dini abidələrindən, ekoturizm üçün təbii əlverişli şəraitindən yararlanmaqla, regionun rəqabətqabiliyyətli turizm məkanına çevrilməsi məqsədilə bu sahənin inkişafına yönəlmiş tədbirlərin görülməsi nəzərdə tutulur. Sağlamlıq turizminin imkanlarının genişləndirilməsi, qış və kənd turizminin, ekoturizmin inkişaf etdirilməsi, turizm infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilməsi də Dövlət Proqramında qeyd olunan əsas tədbirlərdəndir.

Çıxışının sonunda direktor qeyd etmişdir  ki, bizim hər birimiz bundan sonra da Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin inkişafı naminə qarşıya qoyulmuş vəzifələri ən layiqli şəkildə yerinə yetirməliyik.

Sonra çıxış edən Naxçıvan Turizm İnformasiya Mərkəzinin direktoru Saleh Quluyev bildirmişdir ki, 20 il əvvəl – 2003-cü il 15 oktyabr prezident seçkilərində uğur qazanaraq İlham Əliyevin prezidentlik fəaliyyətinə başlaması xalqımızın Heydər Əliyev ideyalarına verdiyi dəyərin, bu siyasətə dəstəyinin aydın ifadəsi idi. Keçən müddət ərzində ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirmişdir. Həm hərb meydanında, həm diplomatiya müstəvisində qazanılan möhtəşəm və əzəmətli qələbənin müəllifi məhz Müzəffər Ali Baş Komandan İlham Əliyev idi. Bildirmişdir ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə yönələn strategiyanın mühüm istiqamətlərindən biri də turizmin inkişafıdır. Bu da dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların nəticəsidir.