12 Mart 2025,
...

Cari tədris ilində “Turizm işinin təşkili” ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin istehsalat təcrübəsinə başlanılıb

Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində Naxçıvan Dövlət Universitetində “Turizm işinin təşkili” ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin istehsalat təcrübəsinə başlanılıb. Bu münasibətlə Departamentdə tələbələrlə ilk görüş keçirilib.

 

Görüş zamanı çıxış edən Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov bildirib ki, bu gün ölkəmizdə  turizm sahəsində kadr hazırlığına göstərilən diqqət və görülən işlər öz bəhrəsini verməkdədir. Görülən işlərin bir istiqaməti də ali məktəb tələbələrinin istehsalat təcrübəsinə cəlb edilməsidir. Bu təcrübələrin əsas məqsədi tələbələrin ilboyu auditoriyalarda əldə etdiyi nəzəri biliklərin təcrübə ilə vəhdətdə daha dərindən öyrənilməsi, onların peşəkar kadr kimi yetişməsindən ibarətdir. Vurğulanmışdır ki, istehsalat təcrübəsinə qədər mütəmadi olaraq  Departamentin əməkdaşları tərəfindən tələbələrlə görüşlər, müxtəlif mövzularda seminar və konfranslar keçirilir, xüsusən də könüllü gənclər Departamentin xüsusi tədbir və yığıncaqlarına dəvət olunur, onların ekskursiyalarda iştirakı təşkil olunur.


Direktor təcrübədə tələbələrin praktiki bacarıqlarının inkişafına və ixtisaslı bir turizm işçisi kimi formalaşmalarına xüsusi diqqət yetiriləcəyini, təcrübə prosesində tələbələrin fəallıq göstərməsinin vacibliyini vurğulayaraq onlara uğurlar arzulayıb.

 

 Sonra  Naxçıvan Dövlət Universitetinin müəllimi, təcrübə rəhbəri Həbib Zeynalov istehsalat təcrübəsinin tələbələrin nəzəri təlim illərində qazandıqları bilikləri genişləndirmək, sistemləşdirmək, peşə bacarıqlarına yiyələnmək və  onları istehsalatda tətbiq etməsi baxımından üstünlük qazandırdığını qeyd edərək tələbələrə mayın 24-dək, 14 həftə davam edəcək təcrübə müddəti, təcrübənin sonunda tələbələrin qiymətləndirilmə meyarları haqqında danışıb, intizamlı, işə münasibətdə məsuliyyətli olmaları üçün onlara öz tövsiyyələrini verib. 

 

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Süleyman Rüstəmov çıxış edərək istehsalat təcrübəsinin proqramı haqqında tələbələrə məlumat verib. Qeyd olunub ki, təcrübə müddətində tələbələrin Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin, eləcədə Naxçıvan şəhərində yerləşən muzeylərin, həmçinin muxtar respublikada fəaliyyət göstərən mehmanxanaların və turoperatorların fəaliyyəti ilə tanışlığı təmin ediləcəkdir.


Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.