05 Aprel 2025, 16:12
...

Beynəlxalq Quşlar Günü ilə əlaqədar tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin birgə təşkilatçılığı ilə 1 aprel - Beynəlxalq Quşlar Günü İlə əlaqədar Araz Su Anbarı ətrafında tədbir keçirilib. Tədbirdə ekologiya və naxçıvanın turizm könüllüləri iştirak edib.

 

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Saleh Həsənov çıxış edərək bildirib ki, Tədbirin keçirilməsində əsas məqsəd mövcud quş növlərinin qorunması və artırılması sahəsində gənc nəslin rolunun artırılmasından ibarətdir. Hər il keçirilən bu tədbir quş növlərinin qorunmasına və ekoloji maarifləndirməyə mühüm töhfə verir. O vurğulayıb ki, quşların təbii mühitdə qorunması ekosistemin balansının saxlanılmasına xidmət edir.

 

Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin Turizmin inkişafı və təbliği sektorunun müdiri Orxan Cəfərov isə çıxışında son illərdə ekoturizmin dünyada artan populyarlığından bəhs edib. O qeyd edib ki, ekoturizm təbii sərvətlərin qorunmasını təmin edən və ətraf mühitə zərər verməyən bir turizm növüdür. Muxtar respublikanın zəngin təbiəti ekoturizmin, xüsusilə quş gözləmçiliyi turizminin inkişafı üçün geniş imkanlar yaradır. Quş gözləmçiliyi quşları təbii mühitdə izləmək, onların hərəkətlərini araşdırmaq və saylarını müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Muxtar respublika ərazisində müşahidə olunan nadir quş növlərinin bəzilərinə Azərbaycanın digər bölgələrində ümumiyyətlə rast gəlinmir. Bu amil isə öz növbəsində muxtar respublikada quş gözləmçiliyi turizminin inkişafına böyük stimul yaradır.

 

Bundan başqa ötən dövrdə Naxçıvanda quş müşahidəçiliyi ilə əlaqədar məlumatlar və fotolar məhşur http://www.birdingplaces.eu/ saytına yerləşdirilmişdir. Naxçıvan, Culfa, Haçadağ, Araz çayı və Batabat istiqamətlərində məskunlaşan quşların yer aldığı ərazilər xəritə üzərində qeyd edilmiş və müşahidəçilər üçün ətraflı məlumat verilmişdir. Adı gedən saytda nadir quşların çoxluq təşkil etdiyi ərazilər əhəmiyyətlilik dərəcəsinə görə A, B, C kateqoriyalarına ayrılmışdır. Azərbaycan üzrə 16 məntəqənin 5-i Naxçıvan Muxtar Respublikası ərazisində yerləşmişdir ki, bunlardan da Azərbaycanda mövcud olan 13 A kateqoriyalı məntəqədən 3-ü, B kateqoriyalı 3 məntəqədən isə 2-si muxtar respublikanın ərazisində yerləşir.

 

Qeyd edilmişdir ki, ötən dövr ərzində Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən Böyük Britaniyanın Rutland vilayətində keçirilən Qlobal Quş Müşahidəçiliyi (“Global Bird Fair”) turizm sərgisində Naxçıvanın ornitoloji turizm potensialı nümayiş etdirilmişdir.

 

Tədbir zamanı könüllülərə Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən hazırlanmış Naxçıvan broşürləri təqdim edilmişdir. Eyni zamanda könüllülər tərəfindən xüsusi binokllar vasitəsilə ərazidəki quşları müşahidə edilmişdir. Sonda Beynəlxalq Quşlar Günü ilə bağlı könüllüləri maraqlandıran suallar cavablandırılmışdır.