
“21 Fevral – Beynəlxalq Turizm Bələdçiləri Günü” ilə bağlı tədbir keçirilib
Muxtar Respublikada fəaliyyət göstərən turizm bələdçiləri, Naxçıvan Dövlət Universitetində Turizm işinin təşkili üzrə təhsil alan IV kurs tələbələri və “Naxçıvanın turizm könüllüləri”nin iştirakı ilə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində “21 Fevral – Beynəlxalq Turizm Bələdçiləri Günü” münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Departamentin direktoru Əkbər Novruzov günün önəm və əhəmiyyətini diqqətə çatdırıb və bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev turizmin inkişafını ölkə iqtisadiyyatının vacib sahələrindən biri kimi daim diqqət mərkəzində saxlayır. Turizm sektoruna ölkə miqyasında göstərilən diqqət və qayğı, bu sahədə qəbul edilən dövlət proqramları, formalaşdırılan qanunvericilik bazası ölkəmizdə olduğu kimi Naxçıvan Muxtar Respublikasında da bu sahənin dinamik inkişafına səbəb olmuşdur. Direktor qeyd edib ki, muxtar respublikada turizm sektorunun sürətli inkişafı peşə və ixtisas səviyyəsi yüksək olan kadrlara tələbatı xeyli artırmışdır. Bu baxımdan bələdçilərə olan tələbatı ayrıca qeyd etmək lazımdır. Muxtar respublikamızın tarixinin, mədəniyyətinin, müalicə mərkəzlərinin, fauna və florasının, istirahət və əyləncə mərkəzlərinin bir sözlə geniş turizm potensialının düzgün təbliğində və turistlərə çatdırılmasında bələdçilərin üzərinə mühüm vəzifələr düşür. Turizm bələdçisi yerli və xarici turistlərə turizm marşrutları üzrə respublikamızın bölgələrinin coğrafiyası, tarixi, iqtisadiyyatı, incəsənət və əsas mədəniyyət mərkəzləri, muzeyləri, maddi və mədəni tarixi-memarlıq abidələri, eyni zamanda bölgə əhalisinin etnoqrafik xüsusiyyətləri haqqında ətraflı məlumat verən şəxsdir.
Qeyd olunmuşdur ki, bu gün bələdçilərin peşə bacarıqlarının artırılması, inkişafı istiqamətində görülən tədbirlər də mütəmadi xarakter daşıyır. Bu məqsədlə onlar üçün müxtəlif təlim və kurslar təşkil olunur. Bələdçilərimizin yerli mütəxəssislərlə təcrübə mübadiləsi aparması üçün imkanlar yaradılır.
Direktor çıxışının sonunda turizm bələdçilərini, eyni zamanda bütün turizm sektoru nümayəndələrini “21 Fevral - Beynəlxalq Turizm Bələdçiləri Günü” və “Ana dili günü” münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
“Naxçıvan Travel” MMC-nin rəhbəri, Dünya Turizm Bələdçilər Assosiasiyası Federasiyasının və Azərbaycan Turizm Bələdçilər Assosiasiyasının üzvü Natiq Paşayev çıxış edərək əlamətdar gün münasibətilə təbrikini çatdırıb və xüsusi olaraq bələdçilərin bu gün turizm sahəsində rolundan söhbət açıb. Bildirilib ki, hər bir ölkənin turizm bazarında tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də bilikli turizm bələdçilərinin fəaliyyət göstərməsdir. Natiq Paşayev bu baxımdan peşəkar turizmçi, bələdçi kimi yetişmək, özünü inkişaf etdirmək istəyən hər bir gəncə dəstək olmağa hazır olduğunu dilə gətirib.
“Qafqaz Turizm” MMC-nin direktoru, turizm bələdçisi Mehman Şabanov da tədbir iştirakçılarını təbrik edərək sözə başlayıb və günümüzdə bələdçi peşəsinin vətənimizi, onun bənzərsiz zənginliklərini, təbii sərvətlərini, qədim tarixi və memarlıq abidələrini, özünəməxsus mentalitetini qonaqlara və turistlərə düzgün tanıtmaq baxımından üstünlüyə malik olduğunu diqqətə çatdırıb. Danılmazdır ki, turistlərə göstərilən xidmətlərin səviyyəsi bir tərəfdən də bələdçinin bilik və təcrübəsindən asılıdır. Mehman Şabanov qeyd edib ki, bu gün hər bir təcrübəli tur rəhbəri öz müşahidə və təcrübələrini gənclərə aşılamağa könüllüdür.
“Günəş Uşaq Akademiyası” MMC-nin rəhbəri, turizm bələdçisi Ulduz Əliyeva bildirib ki, turizm bələdçisinin peşəkarlığı onun şəxsi keyfiyyətləri ilə də müəyyən edilir. Bu keyfiyyətlərin başında əminlik, əməksevərlik, təvazökarlıq, sadəlik, öz fəaliyyətini düzgün qiymətləndirmək və ən əsası öz vətəninə sevgi və peşəsinə həvəslə yanaşma dayanır. Turizm bələdçisi olmaq eyni zamanda insandan səbr, təmkin və daima öz üzərində işləməyi tələb edir. Turizm bələdçisi hər an istənilən istiqamətdə ona ünvanlanan suallara hazırlıqlı olmalıdır. Ulduz Əliyeva da vurğulayıb ki, digər həmkarları kimi o da peşəkar bələdçi kimi formalaşmaq üçün çalışan gənclərə hər zaman dəstək olmağa hazırdır.
Sonda tədbir iştirakçıları ilə maraqlı müzakirə və fikir mübadiləsi aparılıb.