12 Aprel 2026,
...

“Turist marşrutlarına tələblər və marşrutun hazırlanma qaydaları” mövzusunda seminar keçirilib

Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində istehsalat təcrübəsi keçən, Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecinin “Turizm işinin təşkili” ixtisası üzrə təhsil alan III kurs tələbələrinə “Turist marşrutlarına tələblər və marşrutun hazırlanma qaydaları” mövzusunda maarifləndirici seminar keçirilib.

 

Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin Turizmin inkişafı və təbliği sektorunun müdiri Orxan Cəfərov çıxış edərək bildirib ki, turist marşrutu dedikdə, əvvəlcədən hazırlanmış istiqamət üzrə, müəyyən zaman müddətində və müəyyən məqsədlə hazırlanmış xidmətlər zərfi başa düşülür. Turist marşrutlarının bir neçə təsnifat qrupu mövcuddur. Burada ən geniş təsnifat qrupu turistlərin səyahət motivlərinə əsasən tərtib olunur.

 

Turizm marşrutları turistlərin səyahət motivlərinə, turların müddətinə, hərəkət istiqamətinə, fəaliyyət zamanına, təşkil olunma üsullarına, istifadə olunan nəqliyyat vasitələrinin növlərinə və s.  görə təsnif olunur.

 

Məruzəçi qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən muxtar respublika ərazisində turistlərin marağı nəzərə alınmaqla turist marşrutlarının bukletləri həmçinin Naxçıvan Muxtar Respublikasının və Naxçıvan şəhərinin turist xəritələri hazırlanmışdır.

 

Seminarın sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.