10 Noyabr 2025,
...

Su ehtiyatlarından turizm məqsədilə istifadə imkanlarının qiymətləndirilməsi və təşviqi üzrə “İşçi qrup”un növbəti iclası keçirilmişdir

17 sentyabr 2025-ci il tarixində Naxçıvan Muxtar Respublikası Turizm Departamentində su ehtiyatlarından turizm məqsədilə istifadə imkanlarının qiymətləndirilməsi və təşviqi üzrə “İşçi qrup”un növbəti iclası keçirilib. İclasda Turizm Departamentinin əməkdaşları, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının “İşçi qrup”a üzv olan nümayəndələri iştirak ediblər.

 

İclası giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin Statistika və araşdırmalar sektorunun müdiri, Su ehtiyatlarından turizm məqsədilə istifadə imkanlarının qiymətləndirilməsi və təşviqi üzrə “İşçi qrup”un rəhbəri Süleyman Rüstəmov iclasın gündəliyini tədbir iştirakçılarının diqqətinə çatdırmış, Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli 320 nömrəli Sərəncamı ilə "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"nın əhəmiyyətini vurğulamış, su ehtiyatlarından turizm məqsədilə istifadə edilməsinin gələcəkdə iqtisadiyyata müsbət təsir göstərəcəyini, regionda alternativ turizm fəaliyyətlərinin formalaşmasına, məşğulluğun artımına və yerli icmaların sosial rifahının yüksəldilməsinə şərait yaradacağını qeyd etmişdir.

 

Sonra ötən iclasda təklif edilmiş süni su anbarlarından idman turizminin inkişafı məqsədilə istifadə edilməsinə dair hazırlanmış layihə müzakirəyə çıxarılmış, layihə haqqında ümumi məlumat verilmiş, layihənin məqsədi iştirakçılara ətraflı izah edilmişdir. Layihədə süni su anbarlarından idman turizmi məqsədilə istifadəsinin sosial, iqtisadi və ekoloji baxımdan əhəmiyyəti qeyd edilmiş, muxtar respublikada bu sahədə mövcud olan potensial imkanlar iştirakçıların diqqətinə çatdırılmışdır. Eyni zamanda, dünyada su idman turizm fəaliyyətləri üzrə formalaşan bazar meylləri və tendensiyalar nəzərdən keçirilmişdir.

 

Daha sonra layihə haqqında rəy və təkliflər dinlənilmiş, layihənin reallaşdırılması məqsədi ilə aidiyyəti üzrə təqdim edilməsi tövsiyyə olunmuşdur.

 

Sonda növbəti iclasın gündəliyi üçün təkliflər dinlənilmiş və aktual hesab olunanlar qəbul edilmişdir.