22 Yanvar 2026,
...

Su ehtiyatlarından turizm məqsədilə istifadə imkanlarının qiymətləndirilməsi və təşviqi üzrə “İşçi qrup”un növbəti iclası keçirilmişdir.

29 may 2025-ci il tarixində Naxçıvan Muxtar Respublikası Turizm Departamentində su ehtiyatlarından turizm məqsədilə istifadə imkanlarının qiymətləndirilməsi və təşviqi üzrə “İşçi qrup”un növbəti iclası keçirilib. İclasda Turizm Departamentinin əməkdaşları, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının “İşçi qrup”a üzv olan nümayəndələri iştirak ediblər.

 

İclası giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin Statistika və araşdırmalar sektorunun müdiri, Su ehtiyatlarından turizm məqsədilə istifadə imkanlarının qiymətləndirilməsi və təşviqi üzrə “İşçi qrup”un rəhbəri Süleyman Rüstəmov Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli 320 nömrəli Sərəncamı ilə "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"nın əhəmiyyətini vurğulamış, su ehtiyatlarından turizm məqsədilə istifadə edilməsinin gələcəkdə iqtisadiyyata müsbət təsir göstərəcəyini, regionda alternativ turizm fəaliyyətlərinin formalaşmasına, məşğulluğun artımına və yerli icmaların sosial rifahının yüksəldilməsinə şərait yaradacağını qeyd etmişdir. Sonra mövzu ətrafında Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinin direktoru Toğrul Həsənzadənin və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsinin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Planlama, təmir-bərpa və icrasına nəzarət şöbəsinin müdiri Telman Rzayevin çıxışları dinlənilmişdir.

 

Daha sonra iclasın gündəliyində duran məsələlər ətrafında geniş müzakirələr aparılmış, Muxtar Respublikanın su hövzələrində ödənişli balıqçılıq fəaliyyətinin həyata keçirilməsi məsələsinə toxunularaq uyğun su hövzələrinin müəyyənləşdirilməsi və mövcud qanunvericiliyin tələblərinin nəzərə alınaraq layihə təkliflərin hazırlanması ilə bağlı fikirlər dinlənilmişdir. Həmçinin, su ehtiyatlarından idman turizminin inkişafı istiqamətində avarçəkmə, kanoe və kayak idman növlərinin təşviqi məqsədilə araşdırmaların aparılması və bu sahə üzrə layihə təkliflərinin hazırlanaraq aidiyyəti üzrə təqdim olunması təklif olunmuşdur. Eyni zamanda Arpaçayda raftinq fəaliyyətinin təşkili üçün hazırlanmış investisiya layihəsi işçi qrupa təqdim olunaraq müzakirəyə çıxarılmışdır. Layihəyə ümumi baxış, investisiya üstünlükləri, bölgənin potensialı, əraziyə dair məlumatlar və Arpaçayın texniki göstəriciləri ətraflı şəkildə iştirakçılara izah edilmişdir. Qeyd olunan layihənin həyata keçirilməsi müsbət qarşılanmış və investorlara təqdim edilməsi üçün tövsiyyə olunmuşdur.

 

Sonda növbəti iclasın gündəliyi üçün təkliflər dinlənilmiş və aktual hesab olunanlar qəbul edilmişdir.