22 Yanvar 2026,
...

Naxçıvan Muxtar Respublikasının bir sıra kəndlərində turizm infrastrukturunun yaxşılaşdırılması üçün layihələndirmə işlərinin aparılması məqsədilə qiymətləndirmə aparılmışdır

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planının 8.5.1.1.2-ci bəndinə əsasən həyata keçirilən “Seçilmiş 2 kənddə turizm infrastrukturunun yaxşılaşdırılması üçün layihələndirmə işlərinin aparılması” tədbirinin icrası ilə əlaqədar olaraq 21–23 may 2025-ci il tarixlərdə bir sıra kəndlərdə qiymətləndirmə aparılmışdır.

 

Qiymətləndirmə işləri Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin əməkdaşlarının birgə təşkilatçılığı çərçivəsində həyata keçirilmişdir. Səfər çərçivəsində muxtar respublikanın Culfa, Ordubad və Şahbuz rayonlarında yerləşən kəndlərində monitorinqlər aparılmış, turizm potensialı olan ərazilərdə infrastrukturun mövcud vəziyyəti yerində öyrənilmiş, gələcək inkişaf istiqamətləri və planlaşdırma imkanları dəyərləndirilmişdir.

 

İlkin mərhələdə Culfa rayonu üzrə Xanəgah, Ərəfsə, Ləkətağ və Boyəhməd kəndləri, Ordubad rayonu üzrə Biləv, Behrud, Parağa, Parağaçay, Bist, Nüsnüs, Dırnıs və Unus kəndləri, Şahbuz rayonu üzrə isə Kükü kəndinin ərazisində yerləşən Gurbulaq şəlaləsi və Qanlıgöl yaylaqları qiymətləndirməyə cəlb olunmuşdur.

 

Bu kəndlərdə aparılan araşdırmalar zamanı ərazilərin relyefi, təbiət kompleksləri, turizm resurslarının yerləşməsi, mövcud yol infrastrukturu, elektrik, su və digər kommunikasiya şəbəkələri ilə təminat səviyyəsi təhlil edilmiş, həmçinin bölgənin ekoturizm, dağ turizmi, kənd turizmi və mədəni turizm istiqamətləri üzrə perspektivləri dəyərləndirilmişdir. Təbii gözəllikləri, qədim tarixi irsi və lokal mədəni zənginliyi ilə seçilən bu kəndlər, turizmin inkişafı baxımından böyük potensiala malikdir.

 

Eyni zamanda, qiymətləndirmə prosesində kənd sakinləri ilə də qarşılıqlı müzakirələr aparılmış, onların təklif və gözləntiləri dinlənilmiş, turizm fəaliyyətinə cəlb olunmaq istəkləri, eləcə də mövcud problemlər öyrənilmişdir. Bu amil, gələcəkdə icma əsaslı turizm layihələrinin hazırlanması və icrası zamanı əhəmiyyətli rol oynayacaq.

 

Qiymətləndirmənin məqsədi, bir sıra strategiyaları həyata keçirməklə seçiləcək kəndləri həm sakinlər, həm qonaqlar, həm də investorlar üçün arzuolunan bir turizm destinasiyasına çevirməkdən ibarətdir.

 

İnfrastrukturun inkişafı vasitəsilə yollar, nəqliyyat, elektrik enerjisi, su təchizatı və tullantıların idarə olunması sistemləri kimi əsas imkanların təkmilləşdirilərək, turizmin inkişafı üçün möhkəm zəmin yaradılması nəzərdə tutulur. Eyni zamanda, kəndin vizual cəlbediciliyini və ümumi rifahını artırmaq üçün yaşıllıq sahələrinin, parkların və bağların yaradılması da daxil olmaqla abadlaşdırma işlərinin aparılması planlaşdırılır.

 

Kəndin zəngin mədəni və tarixi irsinin qorunub saxlanılması ilə birlikdə, ziyarətçilərin kəndin özünəməxsus kimliyini və adət-ənənələrini təcrübə etməyə imkan verən tarixi məkanların, görməli yerlərin və mədəni irs nümunələrinin müəyyənləşdirilməsi, bərpa edilərək qorunması nəzərdə tutulur. Həmçinin kəndi orijinal mədəni təcrübələr axtaran turistlər üçün cəlbedici destinasiya kimi mövqeləndirməyi hədəfləyən təşviq mexanizmlərinin hazırlanması planlaşdırılmışdır. Yerli incəsənət, sənətkarlıq və mədəni fəaliyyətləri nümayiş etdirən mərkəzlərin yaradılması vasitəsilə yerli icmanın iştirakı və səlahiyyətləndirilməsinin təşviqi də inkişaf üçün mühüm amildir. Əsasən kəndin özünəməxsus memarlıq üslubunun qorunması ilə evlərin bərpası və təmir işlərinin aparılması turizm potensialının inkişaf etdirilməsi, məşğulluğun artırılması və əhalinin sosial rifahının yüksəlməsinə töhfə verəcək.

 

Kənd daxilində kiçik biznesin inkişafının dəstəklənməsi onun iqtisadi canlılığı üçün vacibdir. Sahibkarlığın təşviqi, təlim, maliyyə yardımı və mentorluq proqramlarının təmin edilməsi ilə kənd sakinlərinin turizmə marağının yüksəldilməsi hədəflənir.  Dayanıqlı və ekoloji cəhətdən təmiz biznesləri inkişaf etdirməklə iqtisadi inkişafın kəndin unikal xarakteri və dəyərlərinə uyğunlaşdırılması da əsas məqsədlərdəndir.

 

Dayanıqlı inkişaf təcrübələrinin tətbiqi təklifin əsas aspektidir. Bərpa olunan enerji təşəbbüsləri, tullantıların azaldılması proqramları və dayanıqlı kənd təsərrüfatı təcrübələrini həyata keçirməklə, kəndi dayanıqlı kənd ərazilərinin inkişafı üçün bir model kimi göstərmək hədəflənir.

 

Beləliklə, qiymətləndirmə nəticəsində seçiləcək iki kənddə layihələndirmə işlərinə başlanılması, orada turistlərin rahatlığı və təhlükəsizliyi üçün müvafiq infrastrukturun yaradılması nəzərdə tutulur. Bu təşəbbüs Naxçıvan Muxtar Respublikasında dayanıqlı turizmin inkişafına mühüm töhfə verməklə yanaşı, regionun sosial-iqtisadi inkişafında da əhəmiyyətli rol oynayacaq.

 

Sonda qeyd edilməlidir ki, bu təşəbbüs Naxçıvan Muxtar Respublikasında turizm infrastrukturunun genişləndirilməsi və kənd turizminin inkişafı istiqamətində atılan strateji addımlardan biridir. Bu kimi layihələr, eyni zamanda, ətraf mühitin qorunması, mədəni irsin yaşadılması və regionun beynəlxalq turizm bazarına inteqrasiyası baxımından da mühüm əhəmiyyət daşıyır. Hazırda aparılan qiymətləndirmə işləri nəticəsində seçiləcək kəndlər üzrə layihələndirmə mərhələsinə yaxın zamanda start veriləcəyi gözlənilir.