10 Noyabr 2025,
...

“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar maarifləndirici tədbir keçirilib

23 oktyabr 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində “Yerli və xarici turistlərə Azərbaycanın dövlətçilik tarixi, Konstitusiyanın əsas prinsipləri və suverenliklə bağlı məlumatların çatdırılması” məqsədilə turizm sənayesi nümayəndələri üçün maarifləndirici  tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin Turizmin inkişafı və təbliği sektorunun müdiri Orxan Cəfərov “Konstitusiya və Suverenlik İli”nin önəm və əhəmiyyətini diqqətə çatdıraraq bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətçilik tariximizin öyrənilməsi, eyni zamanda, postmüharibə dövründə yeni milli ideoloji prioritetlərin böyük əhəmiyyət kəsb etməsi, qüdrətli Azərbaycanın dünya ölkələri sırasında özünə layiqli yer tutması, müstəqilliyimizin dönməz və əbədi olmasında bir çox prinsiplərin həm tarixi əhəmiyyətini, həm də mahiyyətini daha da ön plana çıxarmaq baxımından əvəzsiz rol oynayır.

 

Sonra Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşı Səfər Əliyev çıxış edərək bildirmişdir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanaraq öz ərazi bütövlüyünü, 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində isə tam suverenliyini bərpa edərək keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan Respublikası da belə bir tarixi dövrdə son dərəcə aktual çağırışlarla qarşı-qarşıyadır. Siyasi sabitliyin və milli birliyin qorunması, davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi, regionda daimi sülhə, etibarlı təhlükəsizliyə və çoxşaxəli əməkdaşlığa nail olunması bu baxımdan müstəsna əhəmiyyət daşıyır. Vətən müharibəsində əldə edilən tarixi zəfər yalnız hərbi deyil, həm də hüquqi və siyasi baxımdan suverenlik dəyərlərinin möhkəmləndirilməsi anlamına gəlir. Xalqımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyünün, dövlət suverenliyinin və ölkənin bütün ərazilərində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpasının qürurverici təntənəsini yaşayır.

 

Qeyd olunmuşdur ki, hələ müstəqilliymiz bərpa olunan zaman demokratik quruluşu və qanununun alililiyini özünün başlıca məqsədi elan edən respublikamızda qarşıda duran əsas vəzifələrdən biri yeni Konstitusiyanın hazırlanması idi. Dövlətçiliyimiz və müstəqilliyimiz üçün bütün təhlükələri aradan qaldırdıqdan, siyasi-ictimai sabitliyini təmin etdikdən sonra hüquqi dövlət quruculuğuna başlayan ümummilli lider Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi ilk tədbirlərdən biri  yeni Konstitusiyanın hazırlanması oldu. Məruzəçi, Konstitusiyanın hazırlanması və qəbul edilməsi mərhələlərini tədbir iştirakçılarının diqqətinə çatdırmış və vurğulamışdır ki, Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən, hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilir.

 

Daha sonra turizm eksperti İntizam Mənsimzadə çıxış edərək qeyd etmişdir ki, Cənab Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi Azərbaycanın dövlətçilik ənənələrini daha da möhkəmləndirmək, xalqın hüquq və azadlıqlarının təmin olunmasına dair öhdəlikləri vurğulamaq məqsədi daşıyır. Bu qərar, həmçinin milli suverenliyimizin və hüquqi dəyərlərimizin təbliği baxımından tarixi bir addımdır. Ötən dövrdə olduğu kimi, il ərzində həyata keçiriləcək genişmiqyaslı islahatlar da Azərbaycan xalqının hüquqi dövlət quruculuğu yolunda irəliləməsinə zəmin yaradacaq.

 

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.